5 ayda narkotiklə bağlı 4853 CİNAYƏT

Сari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə  4853 cinayət faktı aşkarlanıb.

Bu abrədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar- may aylarının yekununa dair məlumatda bildirilib.

Onlardan 1760-ı narkotik vasitələrin qanunsuz satışı, 2948-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 102-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 43-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  2 ton  879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 362 kq 492,992 qr-nı heroin, 789 kq 912,395 qr-nı marixuana, 177 kq 326,021 qr-nı tiryək, 10 kq 982,691 qr-nı həşiş, 198,940 qr-nı kokain, 529 kq 961,931 qr-nı psixotrop maddələr, 8 kq 957,887 qr-nı isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 11754 ədəd həb metadon və 18788 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Rəsmi məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3065 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 20 – si İran İslam Respublikası, 17-si Rusiya Federasiyası,  8-i Türkiyə,  7-si Gürcüstan, 3-ü Ukrayna, 1-i Türkmənistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 595 kq 197,906 qr müxtəlif növ narkotik vasitə, 532 kq 661,812 qr və 925 həb psixotrop maddələr  və 1,125 qr güclü təsir edən maddə, 4 kq 865 qr (52 ədəd)  çətənə bitkiləri götürülüb.