İnnovativ təşəbbüslərlə medianı xilas etmək mümkün olar

Əkrəm Bəydəmirli

Medianın inkişafı cəmiyyətdə gedən  proseslərin, dünyada baş verən qlobal hadisələrin və digər çox saylı faktorların təsiri nəticəsində  mümkün olur. Ən əsası cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir.

Jurnalistikada proseslərin gedişatı və narahatedici reallıqlarla bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə,  bu sahədə  davamlı islahatların aparılmasına böyük ehtiyac var. Bu gün media ilə bağlı bəzi narhatedici məqamlar çox haqlı olaraq müzakirə mövzusudur. Çünki bu sahədə ciddi problemlər uzun illərdir ki, həllini tapmır.

Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Prezidentin sərəncamından sonra  bu sahədə müzakirələr xeyli artıb. Vaxtılə  KİVDF yaradılan zaman həmin quruma böyük ümidlər yaranmışdı. Təəssüf  ki, bu ümidlər doğrulmadı. Haqlı olaraq müdrik insanlar keçmişi qamçılamırlar,  keçmişdən ibrət dərsi götürürlər.

Bu gün  sosial şəbəkələrin əhatə dairəsinin sürətlə genişlənməsi və iştirakçı sayının artması bir çox hallarda jurnalistikaya marağı azaldır. Sosial şəbəkə iştirakçıları bəzən özlərinin həmin məkandakı azad fəaliyyətini jurnalist fəaliyyəti kimi təqdim edirlər. Bu nə dərəcədə yanlışdır, dogrudur və yaxud qorxuludur onu demək çətindir.

Müşahidələr göstərir ki, həm dünyada,  həm  də Azərbaycanda  jurnalistkaya maraq kəskin azalıb. BDU-nun jurnalistika fakültəsində təhsil almaq, qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin sayına  nəzər salanda bu mülahizələr öz təsdiqini tapır.  Bu ciddi məsələni etiraf edib üzərində düşünmək lazımdır. Bunun səbəbləri çoxdur. Ən başlıcası isə mediada maddi təminatın zəifləməsi ilə bağlıdır. Jurnalist olmaq istəyən gənc bu sahədə öz təminatlı gələcəyini görmür.

Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Təəssüf  ki, belə problemlər çox dərinləşib. Əslində Azərbaycanın iqtisadi inkişaf tendensiyasına  reklam bazarının hazırkı göstəriciləri  uyğun gəlmir.

Bəs, medianın bu gün ən ciddi problemi nədir?

Mənim qənaətimcə, bu gün medianın ən ciddi problemlərindən biri  azad sahibkarlıq subyektlərinin yetərincə formalaşmamasıdır. Həm paytaxtda, həm də regionlarda  oliqarxların,  məmurların nəzarətindən kənar milli düşüncəli sahibkarların  yaranması və  onların geniş fəaliyyəti  media üçün yeni imkanlar deməkdir. Yəni məmurlara veriləcək qanunsuz ödənişlər  birmənalı şəkildə kəsilir. Sahibkarın halal vəsaitinin az bir hissəsi medianın reklam büdcəsinə, dövlətin müxtəlif vergi ödənişlərinə yönəlir. Bundan həm dövlət, həm də  cəmiyyət qazanır. Deməli, medianın, ümumilikdə cəmiyyətin inkişafı məmurların nəzarətindən kənar azad sahibkarlıq ordusunun yaradılması ilə bağlıdır.

Ona görə, azad sahibkarlıq subyektlərinin geniş fəaliyyəti müstəqil reklam bazarında əhəmiyyətli dəyişikliyə təkan verər. Azərbaycanda media hüququ, ümumilikdə, qanunlarla bağlı ciddi problem yoxdur. Yetər ki  mövcud qanunların işlək mexanizmi olsun.

Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır.  Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir.

Həmçinin medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar jurnalistikanı incidilərək və yaxud başqa səbəblərdən tərk ediblər. Əvəzində isə təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur. Əlqərəz fədakar,  öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman  qələmini və  qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə  medianın maddı  texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı  formalaşmalıdır.

Yekunda onu demək istərdim ki, fədakar,  öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman  qürurunu qırmayan jurnalistikanın qorunub saxanması dövlətimizin, medianın, ümumilikdə  cəmiyyətin strateji maraqlarına xidmət edir. Bu strateji  hədəflər lazımı şəkildə qorunmasa, halal pula ehtiyacı olan media öz problemlərini  həll etməsə daha çətin olacaq.