Daha bir gömrük generalı işdən azad olunub

Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi işdən çıxarılıb.

Zafertv.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə anadan olmuşdur.

1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə alıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə, 2009-cu ildə “Gömrük orqanlarında xidmətə görə” III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən “Gömrük orqanlarında xidmətə görə” II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

25 may 2012-ci il tarixində Komitə sədrinin müvafıq əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini alıb.