Brüssel görüşü Paşinyanın manevr siyasətinə təsir edəcəkmi?

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş geniş auditoriya tərəfindən diqqətlə izlənilir. Belə ikitərəfli görüşlərin çox zəruri olmasına baxmayaraq, regionda sabitliyin möhkəm təminatına zəmin yaradacaq sülh sazişinin imzalanması real görünmür.

Böyük ehtimalla görüşlər zamanı N, Paşinyana bir daha anladılacaq ki, sənin Azərbaycanla normal əməkdaşlıqdan, sülh danışıqlarını davam etdirib yekunlaşdırmaqdan başqa yolun yoxdur. Çox nala-mıxa vurmasına baxmayaraq zavallı Paşınyanın da bu reallığı anladığı, erməni xəstəliyinin nə qədər təhlükəli olduğu hiss olunur. Amma Ermənistanın baş nazirinin özbaşına olmadığı və Rusiyanınn təsir dairəsindən çıxıb hər hansı müstəqil addım atacağı inandırıcı deyil.

Həm də reallıq ondan ibarətdir ki, Qərbin Cənubi Qafqazda geosiyasi maraqları və strateji mahiyyət daşıyan iqtisadi hədəfləri var. Ona görə də regionda sülhün bərqərar olması Azərbaycanla bərabər həmin dairələrin də marağındadır. Artıq imitasiya xarakterli sülh danışıqlarının perspektivi olmadığı aydındır.

Belə təmasların müsbət tərəfi ondan ibarətdir ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında həm də təkbətək görüş keçiriləcək. Həmin platformalarda müzakirələr çox zəruri mətləblərin izahı və zavallı Paşınyana danışıqlar limitinin bir gün bitəcəyi fikri çatdırılacaq. O baxımdan Brüssel görüşünün Paşinyanın manevr siyasətinə təsir edəcəyini düşünmək olar.

Əkrəm Bəydəmirli