Nazir imtahandan keçən müəllimlərin sayını AÇIQLADI

Təhsilverənlərin sertifikatlaşdırılmasının ilk mərhələsində 78 faiz müəllim uğur qazanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, 98% müəllim prosesdə iştirak edib.

“Sertifikasiyada iştirak edəcək bəzi müəllimlər yaşla bağlı prosesə qatılmayıblar. 8577 müəllim sertifikasiyanın birinci mərhələsindən uğurla keçib, 2367 müəllimin isə təkmilləşdirməyə ehtiyacı var. Müsahibə mərhələsindən uğurla keçsələr, 2978 müəllim 35%, 5599 müəllim 10% əlavə alacaq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, avqustun 30-dan etibarən ölkədə təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılıb. Test imtahanları 30 avqust – 1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunub.

Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim edilib. Hər bir düz cavab bir bal kimi qiymətləndirilir. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunub.

Ümumilikdə imtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq. Onu da bildirək ki, 30 gün ərzində imtahandan narazı qalan müəllimlər apellyasiyaya müraciət edə bilərlər.