İcbari tibbi sığorta ilə bağlı layihəyə start verilib

“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvininq layihəsinin açılış mərasimi keçirilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi tvininq layihəsi 2 il ərzində həyata keçiriləcək. Layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Litvanın Dövlət Tibbi Sığorta Fondu arasında əməkdaşlıq çərçivəsində icra olunacaq.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın ölkədə tətbiqini səhiyyə sahəsində aparılan uğurlu islahatlardan biri adlandırıb və tvininq layihəsinin reallaşmasına görə Avropa İttifaqına təşəkkürünü bildirib:

“Avropa İttifaqı ilə Agentlik arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Avropa İttifaqının dəstəyi ilə 2017-2019-cu illərdə icra olunan tvinninq layihəsinin birinci mərhələsini başa çatdırdıq. Əminliklə deyə bilərəm ki, islahatların uğurla nəticələnməsini şərtləndirən amillərdən biri də inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Avropa İttifaqı Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara dəstək veran beynəlxalq təşkilatlardan bindir. Layihə çərçivəsində Avropa İttifaqına üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq”.

Avropa İttifaqının Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bajkov insanların sağlamlığının qorunmasının Aİ üçün prioritet məsələlərdən olduğunu bildirib:

“İnsanların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün qlobal çağırışlardan biri olaraq səhiyyə sisteminin maliyyə dayanıqlılığı təmin olunmalıdır”.

O əlavə edib ki, bu gün səhiyyə sistemləri demoqrafik dəyişikliklərə, tibbi xidmətlərə artan tələbata uyğunlaşdırılmalı və səhiyyə sahəsində innovativ texnologiyalar ən yaxşı formada tətbiq edilməlidir:

“Səhiyyə islahatları hər kəsin yüksək keyfiyyətli tibbi xidmətlərə alçatanlığını təmin etməlidir. Bu layihə Azərbaycanla möhkəm tərəfdaşlıq münasibətləri əsasında icra olunur və ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Beləliklə də, biz Avropa təcrübəsini Azərbaycan səhiyyəsinə gətirməklə, ölkədə bu sektorun təkmilləşdirilməsini təmin edəcəyik. İnsanların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün qlobal çağırışlardan biri olaraq səhiyyə sisteminin maliyyə dayanıqlılığı təmin olunmalıdır”.

Litvanın Dövlət Tibbi Sığorta Fondunun baş icraçı direktoru, layihə rəhbəri Gintaras Kasavicus layihənin əhalinin sağlamlığının qorunmasına və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib. Onun sözlərinə görə, layihə icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsinə, risklərin idarə edilməsinə, maliyyə və tibbi auditin, monitorinq və qiymətləndirmə sisteminin müasirləşdirilməsinə, yeni aktual modellərin və proqnozlaşdırma üsullarının işlənilib hazırlanmasına, icbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılmasının asanlaşdırılmasına istiqamətlənib.

Qeyd edək ki, 2022-ci ilin 20 avqustunda icrasına başlanılan layihə 2024-cü ilin avqustunadək davam edəcək.