Azərbaycanın ən böyük dəmir yolu körpüsü tikilir

Azərbaycan Dəmir Yolları QSC Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsünü tikir.

QSC-dən  verilən məlumata görə, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.

Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir. Yolun təməli ötən il fevralın 14-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub və layihənin gələn ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.