İrandakı səfirliyimizə terror hücumundan 2 ay keçir…

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki ay keçir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.

Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisə səbəbindən Azərbaycanın İrandalı səfirliyi fəaliyyətini dayandırıb.

Terorr aktı ilə əlaqədar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılıb. Lakin İran tərəfi iki ay keçməsinə baxmayaraq, istintaq prosesini gizli saxlayır və indiyədək Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sorğusuna cavab verməyib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında səfirliyimizə hücumu terror aktı adlandıraraq, hadisəyə görə İran tərəfinin məsuliyyət daşıdığını bildirib.

“Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”, – Prezident Münhen Konfransındakı çıxışında bildirmişdi.

Terror hücumundan üç gün sonra, yəni 30 yanvar tarixində Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyəti dayandırılıb.

Təəccüblü görünsə də, İran tərəfi məlum hadisəni terror kimi qiymətləndirmir. İran rəsmilərinin bəyanatlarında hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. Qonşu ölkənin hüquq-mühafizə orqanları hücumun şəxsi zəmində törədildiyini iddia edib və Hüseynzadənin əraziyə iki azyaşlı uşaqla gəldiyini bildirib. Buna baxmayaraq, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə terrorçunun tək olduğu müşahidə edilib.

Səfirliyimizə hücum nəinki ölkəmiz tərəfindən, həm də beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqid olunub. Belə ki, BMT Baş Katibi Antonio Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni pisləyən bəyanatla çıxış ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Modern.az-a bildirib ki, hadisə barədə Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir. Lakin istintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib və sorğuları cavablandırmaqdan yayınır.

Hadisənin detallarına gəlincə, bildirək ki, hücumu törədən Yasin Hüseynzadə İran vətəndaşıdır. O, Urmiyada yaşayıb, Bakıdan olan bir qadınla evlənib. Cütlüyün iki övladı olub. Hüseynzadənin sözlərinə görə, səfirlik binasına girəndə “Colt” və “Kalaşnikov” markalı odlu silahları üzərində daşıyırmış. O, həmin silahları təxminən 5 ay əvvəl satın alıb və Urmiya şəhəri yaxınlığındakı kənddə gizlədib. Hüseynzadənin sözlərinə görə, 26 yanvar tarixində uşaqları ilə birlikdə özünə məxsus olan minik avtomobilinə minərək Tehrana yola düşüb. Hüseynzadə səhər saat 4-də Tehrana çatıb və avtomobilini “Azadi meydanı” yaxınlığında saxlayıb. O, bir neçə saat avtomobildə dincəlib, daha sonra Azərbaycan səfirliyinə gedib.

İran tərəfindən fərqli olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi terror aktının daha geniş detallarını ictimaiyyətə təqdim edib.

Rəsmi məlumata görə, terrorçu 27 yanvar 2023-cü il tarixində saat 08:05 və 08:24-də cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib. Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.

Terrorçu 4 dəqiqə ərzində – yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.

 

Səfirliyin binasından çıxarılmış terrorçu gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb.

Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub. Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.

Eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub.

Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib. Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması diqqət çəkib.

Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.