“Dünyanın heç bir ölkəsində separatçıların nazıyla oynamırlar”

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına hər səfəri hadisəyə çevrilir və önəmli mesajlarla müşayiət olunur. Dövlət başçımızın Laçın rayonuna budəfəki səfəri çərçivəsində verdiyi mesajlar da dərin müzakirə mövzuları kimi diqqəti cəlb edir. Eyni zamanda bu mesajlar ilk növbədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizdəki separatçı və mülki ermənilərə ünvanlanıb. Başqa sözlə desək, Azərbaycan Prezidentinin Laçın mesajlarını Xankəndidə, Xocalıda, Xocavənddə qalıb yaşamaq istəyən ermənilər üçün “yol xəritəsi” hesab etmək olar.

İlham Əliyev Laçından Xankəndidəki separatçılara ünvanladığı mesajlarında açıq şəkildə bildirdi ki, onlar xülyalarla, illüziyalarla, miflərlə yaşamağa son qoymalıdırlar. Çünki 44 günlük müharibədən sonra, iki il yarım ərzində baş vermiş hadisələr də onu göstərdi ki, bizim bu müddət ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və indi biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq.

Qarabağdakı ermənilər bilməlidirlər ki, “Miatsum”un kitabı, separatizmin kitabı artıq bağlanıb. Azərbaycan öz suveren ərazilərində separatçılıq hərəkətlərinin davam etdirilməsinə göz yummayacaq. Azərbaycan ərazilərini Ermənistana birləşdirmək iddiaları, bizim torpaqlarımızda ikinci erməni dövləti yaratmaq xülyası 44 günlük müharibə zamanı dəmir yumruqla məhv edildiyi kimi, bundan sonra baş qaldıracaq separatizm hərəkətləri və revanşizm cəhdlərini də eyni aqibət gözləyir.

Ona görə də Fransanın, Rusiyanın, İranın, Hindistanın və başqa güclərin dəstəyinə ümid bəsləyən, “Qarabağ klanı”nın təhrikləri ilə əvvəlki kimi yenə də separatçılıq, terrorçuluq düşüncəsinə köklənən ermənilər reallıq hissinə qayıtmalı və Azərbaycan Prezidentinin ismarıclarını, xüsusən də dövlətimizin başçısının amnistiya ilə bağlı səsləndirdiyi mesajları doğru-düzgün dəyərləndirməlidirlər. Bu ismarıcdan da bəlli oldu ki, biz erməni əhalisinə və separatçılara seçim imkanı təklif edirik.

Daha doğrusu, ermənilər konkret olaraq Azərbaycan cəmiyyətinə inteqrasiya etmək, loyal vətəndaş olmaq yolunu tutmalı, bundan sonra Azərbaycan bayrağı altında yaşamağı qəbul etməlidirlər. Eyni zamanda, qondarma “prezident”, “parlament”, “nazir” institutlarını buraxmalı, hər cürə saxta “dövlət atributları”ndan imtina etməlidirlər. Yalnız bu halda indiyə qədər separatçılıq hərəkətlərinə yol vermiş ermənilər də qeyd etdiyimiz amnistiya imkanından yararlana bilərlər.

Bütün bunlar mövcud reallıqlardan nəticə çıxarmaq əvəzinə boşuna dirəniş göstərənlər, müstəqil dövlət qurmaq xülyasından əl çəkmək istəməyənlər, təslim olmayacaqlarını bildirənlər üçün həqiqətən də sonuncu şansdır. Ona görə də ermənilər onlara hansısa müstəsna hüquqların verilməyəcəyini, onların Azərbaycan Konstitusiyasının norma və prinsiplərinə uyğun olaraq yaşamaqdan başqa bir seçimlərinin olmadığını anlamalıdırlar.

Əks təqdirdə isə, rəsmi Bakının bu günədək erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qanunun aliliyinin və Azərbaycan yurisdiksiyasının təmin edilməsi istiqamətində sərt tədbirlərin həyata keçirməkdən başqa bir yolu qalmayacaq. Dövlət başçımızın da qeyd etdiyi kimi biz bundan öncə Xankəndidəki ermənilərə düz iki dəfə barış əlimizi uzatdıq, onları Bakıya dəvət etdik, dinc şəkildə reinteqrasiya prosesinə start verməyə çalışdıq. Lakin bu səylərimizin, çağırışlarımızın, dəvətlərimizin adekvat qarşılığını görmədik. Ona görə də Bakının gözləmək limiti artıq tükənmək üzrədir.

Cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, üçüncü dəvət olmayacaq, bundan sonra ya separatçılar özləri boyunlarını büküb ayağımıza gələcək və əfv diləyəcəklər, yadaki, hadisələr başqa cür inkişaf edəcək. Biz öz ərazilərində qanunun aliliyini təmin etmək və separatçılığın kökünü qurutmaq üçün kifayət qədər sərt tədbirlər həyata keçirmək imkanlarına malikik.

Ona görə də ermənilər bizim humanizmimizin genişliyindən sui-istifadə etməkdən əl çəkməlidirlər. Xankəndidəki mülki erməniləri girov kimi saxlayan və onları Azərbaycana qarşı qanunsuz hərəkətlərə təhrik edən terrorçu-separatçı qüvvələrin mövcudluq imkanları gün-gündən daralır, tükənir. Dövlət başçımızın bəyan etdiyi kimi biz öz planlarımızın son addımlığındayıq və o addım da atılacaq. Ermənilər bilməlidirlər ki, dünyanın heç bir ölkəsində separatçıların nazıyla oynamırlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri