Öz həqiqətlərimizi sübut etməliyik

Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə – “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.

Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu

Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması tədbirin əhəmiyyətinin və ona olan marağı təzahür edir.

Son illər medianın qarşısında duran vəzifələr yeni qlobal çağırışlara uyğunlaşıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra milli mətbuatımız milli maraqların müfadiəsi istiqamətində daha fəal çalışmaqdadır. Dünyanın aparıcı media təmsilçiləri də böyük Qələbəmizdən sonra Azərbaycanın yanaşmasına, Azərbaycan Prezidentinin qlobal məsələlərə münasibətinə xüsusi maraq göstərir. Nüfuzlu beynəlxalq KİV-lərin Azərbaycanda keçirilən tədbirlərdə iştirakı bunu bir daha təsdiqləyir.

Belə ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura və Qarabağa gələn xarici media nümayəndələri uzun illər ermənilərin orada törətdiyi bütün vəhşilikləri, dağıdılmış şəhərləri, kəndləri öz gözləri ilə görür, real vəziyyəti dəqiq və dürüst şəkildə dünyaya çatdırırlar.

Forumda Prezident İlham Əliyevin iştirakı isə media mənsublarına yüksək səviyyəli münasibətin göstəricisidir. Azərbaycan mətbuatı hərtərəfli inkişaf edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri adların verilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bir hissəsidir.

Sübut etdi ki, ölkəmiz dünya üçün son dərəcə vacib ölkə və etibarlı tərəfdaşdır, həmçinin sülh və sabitliyin tərəfdarıdır. Təbii ki, ölkəmiz bütün bu uğurlara Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində imza atıb. O, ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etdi, səmərəli layihələr həyata keçirdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Məhz onun rəhbərliyi ilə yenilməz Ordumuz 30 illik işğala son qoyaraq xalqımızı məğlubiyyət girdabından qurtardı, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələrin önəmi bu gün daha aydın görünür və Avropanın üzləşdiyi enerji böhranında xilaskar rolunu oynayır. Həmçinin Qoşulmama Hərəkatının sədri olaraq cənab İlham Əliyevin gördüyü işlər, sərgilədiyi ədalətli mövqe beynəlxalq ictimaiyyətin gözündə onu lider şəxsiyyətə çevirib.

Tədbirdə prezident İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan Böyük Qayıdış proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib. Getdikcə daha çox sayda bəyanatlar eşidilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.
Prezident İlham Əliyev həmçinin qeyd etmişdir ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik.

Forum Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında öz sözünü deyəcək: “Belə ki, tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan Böyük Qayıdış proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur.

Dövlət başçısı İlham Əliyevin forumdakı çıxışı özündə mühüm mesajları, çağırışları ehtiva edir. Hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənilər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Cənab İlham Əliyevin “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir.

Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiyayla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər və əldə olunan nəticə dünya mediasının inkişafına mühüm töhfələr verəcək. Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.

Xalqımızın və dövlətimizin vahid hədəfləri var. Bu hədəflərə nail olmaq üçün strateji yol xəritələri təqdim edilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın əsas çağırışlarından biri hadisələrə real baxmaqdır. Forumda bu mühüm məqam xüsusi qeyd edildi ki, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür.

Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri