Ermənistan həmişəki ampluasındadır

Ermənistan həmişəki ampluasındadır. Bu ölkənin Azərbaycana qarşı absurd hərəkətləri və təxribatları davam edir. Ermənistan hökuməti tərəfindən “humanitar yük” adıyla göndərilən və ötən gün axşam saatlarında sərhədimizə çatan 19 yük maşınının hazırda “Laçın” postunun önündə gözləməsi rəsmi İrəvanın növbəti təxribat cəhdindən başqa bir şey deyil.

Sözügedən “humanitar yardım” şousunun Azərbaycana qarşı təzyiq vasitəsi kimi nəzərdə tutulduğu məlumdur. Ermənistan hökuməti bununla Xankəndidəki erməni icmasının guya “blokada”da saxlanılması və “humanitar fəlakət”lə üzləşməsi görüntüsünü yaratmağa çalışır. Ancaq Ermənistanın bu cür hiyləgər planları növbəti dəfə fiasko ilə üzləşməyə məhkumdur. Beynəlxalq ictimaiyyəti bu cür məkrli oyunlarla çaşdırmaq və aldatmaq cəhdi gözlənilən nəticəni verməyəcək.

Çünki Azərbaycan Qarabağdakı ermənilərin zəruri ərzaq və digər məhsullar ilə təmin edilməsi üçün Ağdam-Xankəndi və başqa alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış etməklə rəsmi İrəvanın və separatçıların hiyləgər oyunlarını qabaqcadan neytrallaşdırıb, pozub. Bu mənada, Prezidentin köməkçisi Hikmət Hacıyevin “Başqa yol yoxdur. Oyun bitdi!” mesajını verməsi heç də təsadüfi deyil.

Bəli, oyun həqiqətən də bitib. Bakının alternativ yol kimi Ağdam-Xankəndi marşrutunu təklif etməsi Avropa İttifaqı, BQXK daxil olmaqla əksər beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanıb. Odur ki, Ermənistan tərəfinin və Xankəndidəki separatçı şəxslərin yolları bağlayaraq yüklərin daşınmasının qarşısını almağa çalışması və “gərgin humanitar vəziyyət” barədə miflər uydurmağa davam etməsi Don Kixotun yel dəyirmanı ilə mənasız mübarizəsinə bənzəyir. Ermənilər reallıq hissinə qayıtmalı və dünya ictimaiyyətini aldatmağa yönələn oyunları dayandırmalıdırlar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri