Hindistan şahmatçıları Azərbaycanda – Fotolar

Hindistan Bakıda keçirilən Şahmat üzrə 2023-cü il FIDE Dünya Kubokuna 17 oyunçudan ibarət komanda ilə qatılaraq bu mötəbər turnirdə 18 oyunçu ilə iştirak edən ev sahibi Azərbaycandan sonra ikinci ən böyük kontingentlə təmsil olunur. Oyunçu sayının böyük olması Hindistanın beynəlxalq şahmat arenasında artan nüfuzunu vurğulayır.

Turnir:

Dünya şahmat elitası iyulun 29-dan avqustun 25-dək Bakıda keçiriləcək Şahmat üzrə 2023-cü il Dünya Kubokunda iştirak etmək üçün turnirə ev sahibliyi edən Azərbaycanda toplaşıb.

Turnirin açıq hissəsində 206, qadınların yarışında isə 103 oyunçu yarışır. İştirakçılar yüksək yerlər və 2024-cü il Namizədlər Turniri üçün vəsiqə uğrunda mübarizə aparırlar. Bakıda “Marriott Boulevard” mehmanxanasında keçirilən Dünya Kubokunun partiyalarını Azərbaycan dilində əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Xarisma Sukandar və hindistanlı beynəlxalq usta və şərhçi Saqar Şah təqdim edirlər.

Açılış mərasimi:

Bakı Konqres Mərkəzində keçirilmiş açılış mərasimində şahmat üzrə hindistanlı beşqat dünya çempionu, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sədr müavini Vişvanatan Anand iştirak edib. Onunla birlikdə tədbirə qatılmış möhtərəm qonaqların sırasında Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov, FIDE-nin prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri və tanınmış şahmatçılar olublar.

Hindistanın Azərbaycandakı Səfiri cənab Sridharan Madhusudhanan da açılış mərasimində iştirak edib. O, Hindistanın nümayəndə heyətini salamlayıb, oyunçulara və onların məşqçilərinə xoş arzularını bildirib.

Hindistan, Qlobal Şahmat Gücü:

Son illərdə Hindistan həm peşəkar, həm də həvəskar oyunçuların görünməmiş say artımı ilə, şahmat dünyasında əhəmiyyətli bir güc mərkəzi kimi ortaya çıxıb. 2012-ci ildən Hindistan şahmat qrossmeysterlərinin yetişdirilməsi baxımından Rusiya və Amerika kimi ənənəvi şahmat mərkəzlərini belə geridə qoyub. Beşqat dünya çempionu Vişvanatan Anandın təsiri D. Qukeş, Arcun Eriqaisi, R. Praqqnanandhaa və Nihal Sarin kimi yeni istedadlara yol açıb, əlavə 20-25 nəfər gənc istetad isə parlayacaqları anı gözləyirlər.

Ümum-Hindistan Şahmat Federasiyası (AICF) “Hər Kəs Üçün Şahmat”, “Ağıllı Qız” və “Məktəbdə Şahmat” proqramları kimi diqqətəlayiq təşəbbüslər həyata keçirib. Bu təşəbbüslər ölkənin hər yerindən olan oyunçulara beynəlxalq reytinqli turnirlərdə iştirak etmək, tanınmaq və beynəlxalq reytinqlər qazanmaq imkanını yaradıb. Açıq turnirlər arasında ən çox iştirakçı sayına görə dünya rekordunu qıran “Delhi Open” kimi turnirlərin uğuru Hindistanda bu oyunun artan populyarlığını daha da vurğulayır.

Üstəlik, Hindistan Hökumətinin şahmatı prioritet idman növü kimi tanınayaraq onu dəstəkləməsi bu oyunun ölkədə inkişafına yeni rəng qatıb. Tamil Nadu və Qucarat da daxil olmaqla müxtəlif ştatlar şahmatı öz tədris proqramlarına daxil edib, ölkədə bir çox məktəblər Ümum-Hindistan Şahmat Federasiyasının “Məktəbdə Şahmat” proqramına qoşulub. Çoxsaylı turnirlərdə iştirak etmək imkanları və şahmat istedadlarının beynəlxalq uğurları, hindistanlı gəncləri şahmatla karyera idmanı kimi məşğul olmağa ruhlandırır. Kütləvi təşəbbüslərin, hökumət dəstəyinin və fərdi uğurların vəhdəti Hindistanda şahmat üçün dinamik və perspektivli gələcək yaradır.

Hindistan-Azərbaycan Şahmat Əməkdaşlığı:

Hindistan və Azərbaycan arasında şahmat əməkdaşlığının gələcəyi ümidverici görünür – xüsusilə də hər iki ölkədə bu oyuna olan marağı və onun populyarlığını nəzərə alsaq bunu deyə bilərik. Mövcud dəstək sistemləri və gənc istedadların yetişdirilməsi üzrə ortaq öhdəlik ikitərəfli əlaqələr üçün əhəmiyyətli imkanlar təqdim edir.

Şahmat üzrə inkişaf edən istedadlara və güclü şahmat irsinə malik iki ölkə arasında əməkdaşlıq, ölkələrin bu idman növünü yüksəltmək üçün birlikdə işləyə biləcəkləri bir meyarı müəyyən edə bilər. Bu isə hər iki ölkənin oyunçularına şahmata yiyələnmək və onu inkişaf etdirmək üçün müstəsna imkanlar verə bilər.

Bu perspektiv tərəfdaşlıq şahmatın beynəlxalq əlaqələri necə gücləndirə biləcəyinin, dostluq və qarşılıqlı inkişaf ruhunu necə dəstəkləcəyinin nümunəsidir.