Rusiya və Türkiyə rəqibdir, ya müttəfiq?!

Tarixin qısa analizi mübahisısiz onu sübut edir ki, Rusiya və Türkiyə özlərinin ən çətin dövrlərində bir-biri ilə milli maraqlarının qorunmasında, hətta müttəfiqlik səviyyəsində birgə fəaliyyət göstərir. Bəzən yanlış belə bir yanaşma düşüncə tərzinə yeridilir ki, güya Rusiya və Türkiyə əbədi rəqibdirlər. Müəyyən mənada bəli, belədir. Ancaq rəqiblik, rəqabət özünü tarixin yaddaşına “böyük xalq” kimi yazmağı bacaran xalqların təbii xarakterik halıdır. Və bu halın ancaq Rusiya və Türkiyəyə aid edilməsi yanlışlıqdır.

Rusiya və Türkiyə tarixin ən vacib və çətin vəziyyətində bir-birlərinə həmişə yardım etmiş, milli maraqlarını qorumuş və faktiki müttəfiqlik səviyyəsində davranmışlar. Dövrümüzdə elə Rusiyanın Ukraynaya təcavüzü nəticəsində bütün sivil dünyanın Rusiyaya qarşı olduğu halda Türkiyə Rusiyanın ayaq üstündə durmağı üçün əlindən gələni edir. Bəziləri bunu Türkiyə prezidenti Ərdoğanın 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı Rusiya prezidenti Putinə “vəfa borcu” kimi dəyərləndirir. Əlbəttə ki, bu fakt da ağır çəkiyə malikdir. Ancaq düşünürəm ki, Rusiya və Türkiyə arasında əsrlərə söykənən gizli razılaşma mövcuddur və həmin razılaşmadan irəli gələn tələblər hər iki tərəfdən bu günə kimi də icra edilir.

I-ci Dünya müharibəsində məğlub olan Türkiyə qarşısında ANTANTA dövlətlərinin qısa və konkret tələbləri var idi. Qars və Anadoluda ermənilərə dövlət yaradılmalı idi. Nəticə də həmin erməni dövləti Azərbaycanda, İrəvan xanlığı ərazisində yaradıldı.

Azərbaycan Demokratik Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal edilərkən, 11-ci Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşanda həmin ordunun Azərbaycan ərazisindən keçərək Türkiyəyə gedəcəyi və bu məlumatın Türkiyə tərəfindən təsdiqlənməsi məlumdur. Ancaq Azərbaycan sərhədçiləri buna inanmayaraq qeyri-bərabər döyüşə atıldılar. Sonda Azərbaycan işğal edildi. Atatürklə lenin arasında müəyyən razılaşmaların da mövcudluğu artıq gizli fakt deyil.

Çox da uzaq olmayan tarixin özü sübutdur ki, daimi müttəfiq və ya düşmən yoxdur və bu aksiomadır. Hər bir dövlətin mövcudluğu və təhlükəsizliyinin yeganə qarantı həmin dövlətin özüdür, xalqıdır. Əgər Azərbaycan zəif və özünü müdafiə edə bilməsəydi, heç kəs Azərbaycanın maraqları üçün vuruşan, çalışan deyil necə ki, 90-cı illərdə meydanda tək qalmışdıq və hətta bizə humanitar fəlakətin, soyqırımın qarşısını almaq üçün helikopter belə vermədilər.

Türkiyənin də güclü olması ilə yanaşı Azərbaycanın da qüdrətli olması şərtdir ki, hər iki dövlətin milli maraqlarını təmin etmək mümkün olsun. Mövcudluğumuzun üçün daimi müharibəyə hazır və güclü olmalıyıq və əlbəttə ki, ancaq özümüzə arxalanmalıyıq. Ancaq bu o demək deyil ki, müttəfiqlərimiz olmamalı, yaxud güvənməməliyik. Ancaq hesab özümüzədir.
“Türkiyə və Rusiya rəqib və ya müttəfiqdir?” sualına bir mənalı cavab vermək mümkün deyil.

Vüqar Dadaşov