Abdullahiyan Səudiyyə Ərəbistanına səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yaxın günlərdə Ər-Riyada səfər etməyi planlaşdırır.

Səfərin ikitərəfli məsələlərin müzakirə olunacağı və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın Tehrana son diplomatik səfərinə cavab olacağı gözlənilir.

2023-cü il iyunun 17-də Fərhan Tehrana səfər edərək İranın xarici işlər naziri və prezident İbrahim Rəisi ilə görüşlər keçirib.

Məlumata görə, səfər avqustun 17-nə, cümə axşamına planlaşdırılıb.

Avqustun 6-da Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi İran Xarici İşlər Nazirliyinə səfirliyin rəsmi fəaliyyətinin fasiləsiz olduğunu təsdiq edən diplomatik hesabat göndərib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və onun Məşhəddəki baş konsulluğunun rəsmən fəaliyyətini bərpa etdiyi bildirilib.

Səudiyyə Ərəbistanının müvəqqəti işlər vəkili bir neçə həftə əvvəl Tehrana gəlib və İranın Səudiyyə Ərəbistanındakı səfirliyinin yeni müvəqqəti işlər vəkilinin tezliklə Ər-Riyada gedəcəyi gözlənilir.