Ulu Öndərin milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atmasını xalqımız heç vaxt unutmayacaq

Bu gün Azərbaycanın müstəqilliyinin bərpası haqqında sənədin – İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür. 1991-ci il avqustun 30-da 20-ci əsrdə ikinci dəfə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olunub. Keçmiş Ali Sovetin (indiki Milli Məclisin) növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamənin qəbul edilməsi ilə dövlətçilik tariximizdə yeni dönəm başladı. Bu gün bu tarixi hadisənin üzərindən düz 32 il keçir. Lakin yeni tariximizin mühüm siyasi hadisələrindən biri sayılan 30 avqust tarixli Bəyannamənin qəbul edilməsi heç də asan başa gəlməyib. Üçüncü respublikamızın – Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinin qəbul edilməsində əməyi keçən şəxslərin, xüsusən də Ümummilli lider Heydər Əliyevin rolunu ayrıca qeyd etmək lazımdır.

Heydər Əliyev Azərbaycanın müstəqilliyi qarşısında öz tarixi məsuliyyəti dərk edən az sayda müdrik dövlət xadimlərindən biri idi. O, 1990-1991-ci illərdə Ayaz Mütəllibov iqtidarının yol verdiyi səhvlərin, boşluqların hansı fəsadlara gətirib çıxaracağını öncədən görürdü. Bir qədər sonrakı dönəmdə AXC-Müsavat iqtidarının yarıtmaz idarəçiliyi də ağır iqtisadi böhranla, siyasi xaosla nəticələndi. Bu mənada, 1990-1993-cü illəri dövlətçiliyimizin ən təhlükəli dövrü kimi qiymətləndirənlər tamamilə haqlıdırlar. Həmin dövrdə respublikamızda tüğyan etmiş siyasi, iqtisadi, hərbi anarxiya müstəqillik tariximizin ən mürəkkəb mərhələlərindən biridir. Odur ki, Ümummilli liderin həmin illəri Azərbaycanın müstəqilliyi tarixində itirilmiş illər hesab etməsi heç də təsadüfi deyil. Çünki həmin illərdə Azərbaycan xalqı, Azərbaycan dövləti həqiqətən də “ölüm, ya olum” dilemması qarşısında qalmışdı.

Lakin həmin tarixi məqamda bir çox naşı siyasətçilərdən fərqli olaraq Heydər Əliyev hər cürə mücərrədlikdən və qeyri-müəyyənlikdən uzaq olan aydın müstəqillik konsepsiyasına malik idi. Keçmiş SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi o, hələ Moskvada çalışdığı illərdə Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, müstəqilliyimiz üçün etibarlı zəmin – kadr bazası, iqtisadi potensial və s. yaratmışdı. Mərkəzi hakimiyyətin milli ayrı-seçkilik siyasətinə qarşı çıxdığına, Qorbaçov rejimini ermənipərəst siyasət yürütdüyünə görə kəskin tənqid edən və buna görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyev sonrakı mərhələdə Azərbaycanın dövlət müstəqilliyi üçün həqiqətən də böyük işlər gördü.

1990-cı il sentyabrın 30-da Azərbaycan SSR Xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali Heydər Əliyevi birmənalı şəkildə dəstəklədi. Belə ki, həmin seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR Xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi. Bu elə bir dövr idi ki, həmin dövrdə həm bütün respublikada, həm də Naxçıvanda vəziyyət olduqca gərgin idi. Ermənistanın təcavüzkarlığı getdikcə güclənir, Kremlin Azərbaycana qarşı ədalətsiz mövqeyi davam edirdi. Eyni zamanda Sovetlər İttifaqı sürətlə çökməyə doğru yaxınlaşırdı. Lakin Mütəllibov rejimi dövlət müstəqilliyimizin əldə edilməsi üçün yaranmış tarixi fürsətdən düzgün və səmərəli istifadə etməkdə gecikirdi. AXC hərəkatınının liderləri də həmin dövrdə hakimiyyəti çevik və uğurlu milli siyasət yürütməyə yönləndirməyi bacarmırdı. Belə bir həlledici tarixi məqamda çaşqınlıq və mövqesizlik nümayiş etdirən respublika rəhbərliyindən fərqli olaraq Heydər Əliyev öz uzaqgörənliyi ilə İttifaqın dağılacağını qabaqcadan görən təcrübəli bir siyasətçi kimi Azərbaycanın müstəqilliyi üçün ilkin addımları Naxçıvandan atmağa, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanında Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada Muxtar Respublikanın rəsmi adından “Sovet Sosialist” sözləri də çıxarıldı və qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı. Bu Azərbaycan hakimiyyəti üçün də bir cəsarət nümunəsi oldu, 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi.

Bəli, həmin dövrdə Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Naxçıvanda atılan addımlar, görülən işlər Bakı üçün əsl nümunə rolunu oynayırdı. Çox təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi və müxalifəti SSRİ-nin süqutu ilə bağlı baş verən prosesləri düzgün qiymətləndirib vahid milli mövqedən çıxış etmək və Azərbaycanın maraqlarını müdafiə etmək əvəzinə passivlik göstərir və bir-birinə qarşı barışmaz xətt yürüdürdü. Heydər Əliyev isə sovet imperiyasının qorunub saxlanmasına çalışan yerli milli manqurtlara və Sovet dövlətinin ermənipərəst siyasətinə açıq etirazını bildirərək, 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxdı. 1991-ci il avqustun 26-da isə Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti ümumiyyətlə tam dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Bütün bunlar Heydər Əliyev tərəfindən atılmış inqilabi addımlar idi. Bu addımlar Ulu Öndər Heydər Əliyevin milli müstəqilliyimizlə bağlı mövqeyindəki ardıcıllığı, konseptuallığı göstərirdi. Onun İstiqlal Bəyannaməsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi də həmin ardıcıllığın məntiqi davamıdır. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etməsinin nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bu, doğrudan da çox böyük tarixi əhəmiyyəti olan bir təşəbbüs idi.

Əgər həmin vaxt Heydər Əliyev qəti iradə nümayiş etdirməsəydi, respublika hakimiyyətində təmsil olunan milli xəyanət yolunu tutmuş bəzi qüvvələr təbii ki, Azərbaycanın müstəqillik Bəyannaməsinin qəbul edilməsini əngəlləməyə davam edəcəkdilər. Bu bir antimilli, xəyanətkar siyasət idi və Heydər Əliyev Ali Sovetin 1991-ci il 29-30 avqust tarixli iclaslarındakı çıxışlarında o dövrkü respublika rəhbərliyinin antimilli mövqeyini, siyasi səbatsızlığını sərt tənqid etmişdi. Zaman da onun haqlı olduğunu sübut etdi. 30 avqust tarixli Bəyanamənin qəbul edilməsindən qısa müddət sonra 1991-ci il oktyabrın 18-də Azərbaycanın “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Bu, Ümummilli lider Heydər Əliyevin və milli qüvvələrin dövlət müstəqilliyimiz uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi. Dahi siyasi xadim Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmiş oldu. Beləliklə, milli dövlətçiliyin bərpası baş tutdu. Ulu Öndərin milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atmasını xalqımız heç vaxt unutmayacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri