Hacıyev Qriqoryanla “beştərəfli görüş”ə gedir

Bu gün Brüsseldə Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçiriləcək görüş beştərəfli formatdadır. Görüşdə Avropa Birliyi Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun müşavirləri də iştirak edəcək.

Zafer Tv xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

Siyasi şərhçi bunun Qranada görüşünə hazırlıq olduğunu bildirib:

“Görüş oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında aparılacaq danışıqlara hazırlıq mahiyyəti daşıyır. Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra sülh sazişinin imzalanması üçün münbit şərait formalaşıb. Azərbaycan da bundan maksimum dərəcədə istifadə edəcək. Çünki dövlətimiz sülh sazişinin qarşısındakı maneələri özü aradan qaldırıb. Atılan addımlar və qarşı tərəfin BMT TŞ-də iki dəfə məğlubiyyəti Azərbaycanın əlini daha da gücləndirib. Fikrimcə, görüşə daha güclü getdiyimiz üçün ondan müsbət nəticələrin əldə ediləcəyini gözləmək olar”.