Müzəffər Ali Baş Komandan İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə Vətənimizin ərazi bütövlüyünü təmin etdi

Bu gün ölkəmizdə Anım Günüdür. Sentyabrın 27-də müqəddəs Vətən Müharibəsinin başlamasından üç il ötür.

Bu gün bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır, onların ruhuna dualar oxuyur. Qədirbilən xalqımız 27 sentyabr – Anım Gününü həm də böyük Zəfərimizin başlanğıc günü kimi, qürur günümüz kimi qeyd edir.

44 günlük müharibənin igid döyüşçüləri Zəfər naminə, Azərbaycan xalqının gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsidir.

Şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Biz onların qanı bahasına tarixi ədaləti bərpa etdik, müqəddəs torpaqlarımızı 30 illik işğaldan azad etdik, mənfur düşmən üzərində misilsiz Qələbə qazandıq. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı ilə Vətənimizin ərazi bütövlüyünü təmin etdi. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Və bu Qələbənin başlanğıc günü sayılan 27 sentyabr əziz şəhidlərimizin Anım Gününə çevrildi.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiramın ifadəsidir. Bəli, 44 günlük Vətən müharibəsi bizim ən yeni tariximizin şanlı səhifələrindən biridir. Müzəffər Ordumuzun üç il öncə yazdığı bu möhtəşəm tarix parlaq sabahımız üçün möhkəm bünövrədir.

27 sentyabrla başlayan qurtuluş savaşımız – 44 gün davam edən İkinci Qarabağ müharibəsi ruhumuzu yenilədi, taleyimizi kökündən dəyişdi. Xalqımız 30 illik işğalın yaratdığı psixoloji əziklikdən qurtuldu. Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına qazanılan Qələbə xalqımızın öz gücünə inam hissini bərpa etdi. Və biz Xalq, Dövlət, Ordu olaraq həm tarixi ədaləti bərpa etdik, həm də bütün dünyaya haqqın gücünü göstərdik.
27 sentyabrla təməli qoyulan qurtuluş savaşımız həm də bizim milli birlik, həmrəylik məktəbimizə çevrildi. Bu savaşda əsgər və zabitlərimiz, qazilərimiz ön cəbhədə suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla döyüşürdü, arxa cəbhədə isə xalqımız və dövlətimiz bir yumruq kimi birləşərək Qələbə gününü yaxınlaşdırmaq üçün əlindən gələni etdi. Düşmənə sarsıdıcı zərbələrin vurulduğu Vətən müharibəsinin gedişində birlik və həmrəyliyimiz tarixi sınaqdan üzüağ çıxdı.

27 sentyabr həm də Prezident, Ali Baş Komandan İlham Əliyevin mübarizə əzminin, qətiyyətinin təsdiq günüdür. Üç il bundan öncə məhz həmin gün səhər saatlarında işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində dövlətimizin başçısı qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verdi. Və bu qərarın verilməsi tariximizin ən parlaq hadisələrindən biri sayılır. 2023-cü ilin 19-20 sentyabrında Qarabağdakı separatçı rejimin darmadağın edilməsi ilə nəticələnən lokal antiterror tədbirlərini də 27 sentyabr 2020-ci il tarixdə verilmiş qərarın məntiqi nəticəsi hesab etmək olar. Bu mənada, həm 44 günlük Vətən müharibəsinin, həm də lokal antiterror tədbirlərinin nəticələri İlham Əliyevin siyasi müdrikliyinin və sərkərdəlik fəhminin əyani təsdiqidir.
Biz həm Vətən müharibəsinin, həm də lokal antiterror tədbirlərinin gedişində Vətən uğrunda canlarını fəda etmiş mübariz övladlarımızın şücaətini daim minnətdarlıq və şükranlıq hissilə xatırlayacağıq. Əldə etdiyimiz bu böyük Qələbələrə görə biz onlara borcluyuq. Hər birimiz bu Qələbələrin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq.

Dövlətimiz də, xalqımız da şəhidlərimizin xatirəsini daim uca tutacaq. Bu, üçrəngli bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda edən bütün əsgər və zabitlərimizə, könüllülərimizə vəfa borcumuzdur. Şəhidlərimiz bizim qürur mənbəyimizdir! Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram hissilə anırıq! Ruhunuz şad olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri