Erməni-rus savaşı – Əbədi sədaqət gözləyən Kreml növbəti xəyanətlə üzləşdi

“ABŞ administrasiyası Rusiyaya qarşı Moldova və Cənubi Qafqazda yeni cəbhələr açmağa məcbur olub”.

Bunu xarici media yazır, Rusiya mətbuatı da geniş şəkildə bu tezisi tirajlayır. (Ola bilər ki, bu cür yazıları Rusiyanın diplomatik korpusu bilərəkdən təşkil edir).

Göründüyü kimi, xəbərdə Moldovanın adı açıq-açıq çəkilir, amma “Cənubi Qafqaz” istilahı ümumi xarakter daşıyır.

Cənubi Qafqazda üç dövlət var: Azərbaycan, Gürcüstan və Ermənistan.

Azərbaycanla Rusiyanın münasibətləri son 32 ildə olduğundan pis deyil, hətta daha yaxşıdır. Rəsmi Moskva və rəsmi Bakı arada yaranan yüngülvari ixtilafları çözə bilir, axırda anlaşmağı bacarırlar.

Gürcüstanla Rusiyanın münasibətləri də 2008-ci ildə olduğundan yaxşıdır. Bilindiyi kimi, 2008-ci ilin avqustunda bu iki ölkə arasında qısamüddətli müharibə olmuşdu, amma sonrakı illərdə qaynar düşmənçilik münasibətləri soyudu, yerini soyuqluq aldı. Ancaq ABŞ administrasiyası artıq bu ölkəni Rusiyaya qarşı aktiv cəbhəyə çevirlə bilməz.

zaxmir.JPG (45 KB)

Yerdə qalır Ermənistan. Xarici media məhz bu ölkəni nəzərdə tutur. Ermənistan və Rusiyanın münasibətləri gerçəkdən də artıq müharibə həddinə qədər gəlib çıxıb. Tərəflər bir-birinə qarşı kəskin bəyanatlar verməkdədirlər.

Rusiya belə bir gərginliyin yaranmasında başda ABŞ olmaqla Qərbi günahkar sayır, hesab edir ki, ABŞ Ermənistanı ondan qoparmaq üçün ölkə rəhbərliyinə hər cür vəd verir və müxtəlif yardımlarla erməniləri ruslardan üz döndərməyə şirnikləndirir.

Bunun fakt olduğu göz qabağındadır. Bu proses Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlanıb və günümüzdə də davam edir. Artıq elə bir gün olmaz ki, okeanın o tayından İrəvana siyasətçilər, diplomatlar, yüksək rütbəli hərbçilər və kəşfiyyatçılar gəlməsin. Onlar Ermənistan hakimiyyətinin himayədarı rolunda çıxış edirlər.

Bir bu deyil, ABŞ, Fransa, Almaniya, Kanada kimi ölkələrin siyasi rəhbərləri səhər qəhvələrini Ermənistandakı vəziyyəti xəbər ala-ala içir, işə başlayan kimi bu ölkənin suverenliyi və hüquqları haqqında bəyanatlar verirlər, Rusiyaya və Azərbaycana eyham edirlər.

puş-pat.jpg (7 KB)

Əslində hələ 32 il öncədən müstəqillik qazanmış Ermənistanın istədiyi ölkə ilə müttəfiq olmaq, birindən uzaqlaşıb, o birinə yaxınlaşmaq haqqı var, ancaq Kreml bu məsələyə beynəlxalq hüquq prizmasından yox, tarixi xidmət baxımından yanaşır və Ermənistandan əbədi sədaqət, sürəkli minnətdarlıq gözləyir.

Məsələ belədir: ermənilər nə qədər 2070 il öncəyə ekskurs edib, “böyük Tiqran”dan, “böyük Ermənistan imperiyası”ndan danışsalar da, tarixi məxəzlər onların iddialarını təsdiqləmir və bu da o demək olur ki, ən azı 2023 ilini xərclədiyimiz erada ermənilərin dövlətçiliyi olmayıb. Onlara bu lütfü ruslar edib. Erməniləri İrandan, Türkiyədən çəkib gətirən, bir areala komalayan, 36 azərbaycanlı hökmdarın əsrlərcə fasiləsiz idarə etdiyi İrəvanı bizdən alıb ermənilərə bağışlayan, 100 il öncə bu millətin qurduğu dövlətin ərazisini daha da böyüdən ruslar olub.

Əgər Rusiya olmasaydı, müstəqil Ermənistan dövləti bu regionda nə qədər mövcud ola bilərdi? 1920-ci ilin noyabrında Hayastani Sosialistakan Hophərdayin Hanpapetutyun (Hayastan Sosialist Sovet Respublikası) qurulmasaydı və Moskva tərəfindən himayə olunmasaydı, bu dövlət yaşaya bilməzdi. Necə ki, SSRİ-nin mövcudluğu dövründə bu respublika Moskvadan dotasiya və subsidiyalar ala-ala yaşayırdı – intəhası, güzəranları da hamıdan yaxşıydı.

2150f03c5d66.jpg (257 KB)

Ona görə də Rusiya, Moskva, Kreml hesab edir ki, ABŞ-ın “onu burax, bana gəl” havasına uyan erməni rəhbərliyi ona xəyanət, tarixi yaxşılığa nankorluq edir.

Təbii ki, ermənilər başqa cür, sovet dövründə dəb olan ifadə ilə desək, “dünənki işinə görə sağ ol, bugünkünə cavab ver”, – deyə düşünürlər. Hazırkı Rusiyanın ermənilərə təqdim etdiyi güzəşt və imtiyazlar onların standartlarıyla, umduqlarıyla düz gəlmir. Ermənilər 30-35 il öncə rusları şantaj edərək Qarabağı onların əliylə Azərbaycandan qoparmağı, de-fakto mənimsəməyi bacarmışdılar, amma ruslar Qarabağın de-yure Ermənistanın olmasına kömək etmədilər, münaqişəyə isə birdəfəlik son qoymadılar.

Görünür, Kremldəki ağıllı başlar ona görə bu riskə getmədilər ki, işləri düzələn kimi, ermənilərin əvvəl-axır onlardan üz döndərəcəyini düzgün proqnozlaşdırmışdılar.

O halda etdiyi haqsızlıq üzündən Azərbaycanı itirən Rusiya Ermənistanı da itirəcək, Cənubi Qafqazdan çəkilməli olacaqdı.

1988-i-arajin-hanrahavaqner4.jpg (71 KB)

Ermənilərin Rusiyaya qarşı xəyanət yolunda olduğu, zatən 1988-91-ci illərdən bəlliydi. 1988-ci ildə SSRİ-dən ayrılmaq haqda təşəbbüsü 15 SSRİ respublikası arasında ilk dəfə Ermənistan qaldırmışdı. 1991-ci ildə SSRİ-nin saxlanması haqda referendumu boykot edən 5 respublikadan (Latviya, Litva, Estoniya, Moldova və Ermənistan) biri də Ermənistan idi.

Ancaq SSRİ dağılandan, Qarabağ işğal ediləndən sonra Rusiyanın paçasına yapışıb qalan iki respublikadan biri də Ermənistan oldu.

İndi bu ölkədə, xüsusilə də onun siyasi rəhbərliyində Rusiyaya qarşı gizlədilməyən nifrət var və o, hər gün böyüyür. Ermənilər 28 il işğalda saxladıqları Azərbaycan rayonlarını 2020-ci ilin bu vədələri itirdikləri üçün üstüörtülü şəkildə Rusiyanı suçlayırdılarsa, hazırda süqut edən qondarma “artsax”a görə Moskvanı açıq şəkildə ittiham edirlər.

Ortaya məntiqi sual çıxır: əgər onlarda müharibə aparmağa, “dövlət” qurmağa, onu qorumağa Güc, Öfkə, Təpər yox idisə, daim himayəyə ehtiyac duyurdularsa, demək, sonra qədər himayədara sadiq olmalıydılar.

Amma təcrübə göstərdi ki, onlarda Baffidə olduğu qədər etibar, vəfa yoxdur. “Moskva göz yaşlarına inanmır” sözü elə-belə deyilməyib. Ən pisi odur ki, Moskva göz yaşlarına nəinki inanmır, hətta xəyanət edənin göz yaşlarını axıtmağı çox yaxşı bacarır.\\musavat.com\\