Stokholmun mərkəzində yalnız elektromobillər hərəkət edəcək

2025-ci ildən etibarən benzin və dizellə işləyən avtomobillərin Stokholmun mərkəzinə daxil olması qadağan ediləcək.

Zafer Tv xarici mediaya istinaadla xəbər verir ki, şəhər hakimiyyəti bu qərarı havanın keyfiyyətini yaxşılaşdırmaq və nəqliyyatın səs-küyünü azaltmaq üçün qəbul edib.

2025-ci ildən etibarən əsas maliyyə və ticarət mərkəzlərinin yerləşdiyi Stokholmun mərkəzinin 20 blokunu əhatə edən zonada yalnız elektromobillərin hərəkətinə icazə veriləcək.

“Bu gün Stokholmda hava körpələrdə ağciyər xəstəliklərinə, yaşlılarda isə vaxtından əvvəl ölümə səbəb olur. Bu, tamamilə qəbuledilməz bir vəziyyətdir”, – deyə Stokholm merinin nəqliyyat üzrə müavini Lars Strömqren bildirib.

Ekoloji zonada istisnalar hibrid mühərrikli iri mikroavtobuslar, rəsmi funksiyaları yerinə yetirən avtomobillər (məsələn, təcili yardım maşınları), eləcə də sahibləri sənədləşdirilmiş əlilliyi olan avtomobillər üçün olacaq.

Nəşr yazır ki, bir sıra Avropa şəhərləri də havanın çirklənməsi ilə mübarizə tədbirləri həyata keçirib, lakin İsveçin paytaxtı “daha irəli gedir”. Paris, Afina və Madrid dizel avtomobillərinə qadağa qoyublar və Londonda yüksək radiasiyaya malik avtomobillərin sahiblərindən giriş haqqı ödənilən Ultra Aşağı Emissiya Zonası (ULEZ) var.