“Belə genosid ollur?” – BMT-yə ünvanlanası ritorik sual

Fransanın Azərbaycana qarşı düşmənçiliyini davam etdirməsinin daha bir nəticəsi srağagün özünü BMT-nin İnsan Hüquqları Şurasında göstərib. Oktyabrın 11-də bir qrup dövlət rəsmi Parisin təşəbbüsü ilə Azərbaycanın əleyhinə birgə bəyanat veriblər.

Zafer Tv musavat.com-a istinadən xəbər verir ki, bəyanatın məzmunu köhnə nağıllardan, boyat iftiralardan, uydurma ittihamlardan, Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair səslənən əsassız iddialardan ibarətdir.

Fransanın erməni məsələsində bu qədər canfəşanlığına, vurnuxmasına baxanda bir şeyə şükür etmək lazım gəllir: nə yaxşı bu ölkə Qafqazdan uzaqlarda yerləşir, qonşuluqda olsa, əsgərlərimiz fransız hərbçilərlə vuruşmalı olardılar. Bir o qalıb ki, Fransa Ermənistana hərbi kontingent yeritsin. Əslində ortada Rusiya faktoru olmasa, fransızlar bunu çoxdan edərdilər.

Hazırda ortada Azərbaycanın ittiham edilə biləcəyi bir müharibə cinayəti olmasa da, Fransa və Ermənistan öz siyasi-diplomatik hücumlarını sağdan-soldan davam etdirir, Qarabağdan erməni köçünü “genosid aktı” kimi qələmə verməyə, BMT-dən müvafiq siyasi qiymət almağa çalışırlar. Amma onların əllərində dəlil-sübut yoxdur.

Düzdür, 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal antiterror əməliyyatından sonra Qarabağdan erməni köçü baş verib, amma bunun ermənilərə sərf etməyən təfərrüatları var.

Birincisi, həmin lokal əməliyyatlar zamanı Azərbaycan ordusu legitim hədəfləri, yəni qanunsuz silahlı birləşmələrin mövqelərini, anbarlarını, bunkerlərini sıradan çıxardı, mülki obyektləri hədəf götürmədi. Azərbaycanın elə bir fikri olsaydı, ovuc içi kimi görünən Xankəndidə və ermənilər yaşayan digər yaşayış məntəqələrində bunu etmək asan idi.

İkincisi, təxminən 1 sutka çəkən (23 saat 51 dəqiqə) və separatçı ermənilərin tərifli “müdafiə qüvvələri”nin və “sarsılmaz istehkamlar”ının darmadağın olmasıyla başa çatan əməliyyatdan sonra Azərbaycan ordusu həmin silahlı birləşmələrin təqibini davam etdirmədi, silahlıların tör-töküntülərinə aman verdi, təslim olmaları üçün vaxt təyin etdi. Əslində müdafiə xətti yarılmışkən, ordumuz qanunsuz silahlı dəstələrin üzvlərini sonuncu nəfərinə kimi “dənləyə”, əsir götürə bilərdi. Bu addım minlərlə gənc ermənini labüd ölümdən və əsirlik aqibətindən qurtardı.

Üçüncüsü, müqavimət qırıldıqdan sonra Azərbaycan ordusu mülki insanların yaşadığı yaşayış məntəqələrinə daxil olmadı, insanların düşdüyü panika ovqatını daha da dərinləşdirmədi. Bu, mənasız silahlı müqavimət hallarına rəvac verərdi, istər-istəməz mülki əhali arasında tələfata səbəb olardı. Çünki mülki əhalinin içində can hövlü ilə, “ailəsini və namusunu qorumaq” məqsədilə silaha əl atanlar ola bilərdi və müharibə qaydalarına görə əlində silah olan hər kəs legitim hədəf halına gələcək, zərərsizləşdiriləcəkdi.

Dördüncüsü, yaşayış məntəqələrinə daxil olmayan ordu birləşmələrimiz, təbii ki, mülki insanlara vaxt verərək, “filan saat ərzində buradan köçməlisiniz” tələbi də səsləndirmədilər. Çünki onların elə bir səlahiyyəti yox idi, ölkənin siyasi rəhbərliyi də əməliyyatdan əvvəl də, dərhal sonra da reinteqrasiya planını elan etmişdi. Başqa sözlə, ermənilərin kütləvi köçünü təşkil etmək barədə siyasi qərar və iradə yox idi.

otokoc.jpg (10 KB)

Beşincisi, köç təşəbbüsü məhz Ermənistan rəhbərliyindən, Qarabağdakı separatçı qurumun başbilənlərindən gəldi. Onlar erməni əhalinin Azərbaycan qanunları ilə yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəmədiklərini bəyan etdilər və mütəşəkkil şəkildə mülki əhalini köçürməyə başladılar. Köçün məhz erməni liderlər tərəfindən təşkil edildiyinə dair jurnalistlərə açıqlama verən sıravi ermənilər də danışırdılar.

16957-1695744892.jpg (40 KB)

Altıncısı, köç prosesində azərbaycanlı hərbçilər özlərini nümunəvi apardılar, ortada heç bir müharibə, düşmənçilik yoxmuş kimi köçənlərə xoş üz göstərdilər, ərzaq, su payladılar, tibbi yardım göstərdilər. Bu, hətta müharibə psixozunu yaşamaqda davam edən Azərbaycan vətəndaşlarında mənfi reaksiya doğrusa da, Azərbaycan hərbçiləri sona qədər rəftarlarını dəyişmədilər. Çünki bu, ölkə rəhbərliyinin siyasi iradəsinin ifadəsi idi.

Yeddincisi, erməni liderlər tərəfindən təşkil edilən və son məqsədi Azərbaycanı beynəlxalq miqyasda haqsız duruma salmaq olan köçdən sonra ermənilərə məxsus əmlak sağ-salamat saxlanıldı, heç bir qarətə, yağmalanmaya məruz qalmadı. Bu da ondan xəbər verir ki, gedənlərin qayıtması üçün əlyeri saxlanılıb.

07f32f90f7c196d29f3ae2ab33be9fd9.jpeg (251 KB)

Səkkisincisi, Qarabağdan köçən ermənilərin heç də keçmiş Azərbaycan vətəndaşları olmadığı aydınlaşdı. Bunlar Ermənistanda və başqa ölkələrdə doğulub-böyüyən, sonradan Qarabağa gələrək müqavilə ilə hərbi qulluq keçən ermənilər və onların ailə üzvləri idi. Bundan başqa, xeyli sayda başqaları da vardı ki, əslində, Qarabağ ermənisi deyildilər, sadəcə, bölgəyə pul qazanmağa gəlmişdilər. Ermənilər bu şəxsləri də “qaçqın” siyahısına salırlar ki, həm Azərbaycana siyasi təzyiq etmək üçün sanballı əsas olsun, həm də BMT-dən, digər donor təşkilatlardan və ölkələrdən daha çox pul qopara bilsinlər.

Doqquzuncusu, oktyabrın 7-də HƏMAS-la İsrail arasında başlayan müharibənin hələ həftəsi tamam olmadan bir neçə min mülki əhalinin həlak olmasından sonra Azərbaycanın ermənilərə qarşı necə korrekt və hərbi qayda-qanunlar çərçivəsində davrandığı bir daha sübut olundu.

fffoooo.JPG (53 KB)

Onuncusu, hazırda Xankəndidə xeyli mülki erməni var. Onlar Azərbaycan dövlətinin himayəsinə alınıblar, xüsusi yaşayış yerləri ilə, lazımi avadanlıq və ərzaq məhsulları ilə təmin ediliblər, heç birinə “gözün üstə qaşın var” deyilmir.

Bir sözlə, 19-20 sentyabr əməliyyatında Azərbaycanın dilini gödək edəcək bir detal belə yoxdur. Əksinə, Ermənistanın və onun işğalı altında qurulan xunta rejiminin cinayətləri ortadadır. Bunlardan ən başlıcası, suveren dövlətin ərazisini işğal etmək, etnik təmizləmə aparmaq, əsirləri güllələmək, ikincisi isə qanunsuz silahlı birləşmələr yaradaraq, həmin dövlətin əhalisinə qarşı silsilə terror aktları törətməkdir.

Bütün bu cinayətlərin gün işığına çıxarılması, beynəlxalq aləmə göstərə-göstərə mühakimə edilməsi yaxın zamanlarda baş tutacaq, onda BMT-nin İnsan Haqları Şurasında Azərbaycana qarşı bəyanat hazırlayan ölkələr də görəcəklər ki, müdafiə etdikləri ölkənin rəhbərləri necə bir amansız cani imişlər.

Araz Altaylı, Musavat.com