Fransa Ermənistandan maşa kimi istifadə edir

Fransanın oktyabrın sonunda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin imzalanması ilə bağlı Brüsseldə keçirilməsi nəzərdə tutulan danışıqlar ərəfəsində Azərbaycana qarşı təzyiqləri və təxribatları artırması rəsmi Parisin iç üzünü tanımağımıza imkan yaratmaqla bərabər, həm də sülh danışıqlarını pozmaq niyyətindən xəbər verir.

Bu ölkə Avropa İttifaqındakı (Aİ) dönəm sədrliyindən sui-istifadə edərək Avropa Şurasını və Aİ-ni də öz çirkin geosiyasi niyyətləri üçün alətə çevirməyə, yeni anti-Azərbaycan cəbhəsi yaratmağa çalışır. Belə ki, Avropa Şurasının Nazirlər Komitəsinin oktyabrın 18-də Strasburqda keçirilən iclasında Aİ-nin nümayəndə heyətinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı qərəzli bəyanatla çıxış etməsi və eləcə də oktyabrın 23-də Lüksemburqda keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə təkrarən Ermənistan-Azərbaycan münasibətlərinə dair məsələnin daxil edilməsi məhz rəsmi Parisin pərdəarxası “dirijor”luğunun nəticəsidir.

Hər iki təşəbbüs sırf Yelisey Sarayından qaynaqlanır və burada Fransa prezidenti Emmanuel Makronun dəst-xətti açıq-aşkar hiss olunur. Fransanın Ermənistandakı səfirinin bütün diplomatik normaları pozaraq Azərbaycanı Ermənistanın ərazisini işğal etməkdə ittiham etməsi də Makronun dayaz və avantürist ağlının “məhsul”udur.

Dünyanın digər regionlarından qovulan, qlobal planları alt-üst olan Fransa indi də Ermənistanın əli ilə bölgədə yeni hərbi qarşıdurma yaratmağa və bu yolla Cənubi Qafqazda yerləşməyə can atır. Başqa sözlə desək, Fransa Ermənistandan maşa kimi istifadə edir.

Prezident İlham Əliyevin Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirdiyi kimi Azərbaycan Fransanın regionlarda geosiyasi intriqalarla məşğul olmasından və kolonializmin davam etməsindən olduqca narahatdır: “Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir”.

Fransanın bu cür hegemon davranışlarına və geosiyasi quldurluğuna son qoyulması üçün dünyanın bütün mütərəqqi qüvvələri bir araya gəlməli, səylərini birləşdirməlidir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları birmənalı olaraq dəstəkləyir.

Dövlət başçımızın qeyd etdiyi kimi neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Xüsusən də Fransanın “yeni müstəmləkəçilik” siyasəti bütün vasitələrlə ifşa edilməlidir. Ümumiyyətlə, Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan sui-istifadə edərək dünya ağalığına can atması səylərinə son qoyulmalı, onun Asiya, Afrika və Cənubi Qafqazla bağlı çirkin planları bloklanmalıdır. Azərbaycan Prezidentinin Fransanı regionlarda intriqalarla məşğul olmaqda ittiham etməsi fransız neokolonializminə ciddi zərbədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri