Şuşa-Laçın avtomobil yolu yenidən qurulacaq

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Zafer Tv sərəncamın mətnini təqdim edir:

1. Qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.