Sevinməyin: Bakıya “missiya” mane ola bilməz – Ovannisyan

Ermənistan və erməni cəmiyyəti ölkədə AB-nin monitorinq missiyasının artmasına sevinməməlidir, əslində o, ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək.

Zafer Tv xəbər verir ki, bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.

Ovannisyan bildirib ki, əgər Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, o zaman bir neçə yüz nəfərdən ibarət Avropa missiyası heç bir ciddi maneəyə çevrilməzdi.

O, Ermənistan rəhbərliyinin, xüsusən də xarici işlər naziri Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi “Ermənistan Avropanı qəbul etməyə hazır olduğu qədər ona yaxın olmaq istəyir” yanaşmasını primitiv və sadəlövh adlandırıb:

“Bəzi ölkələrin acınacaqlı təcrübəsi var ki, bu yolu tutub, sonra son dərəcə ağır nəticələrlə üzləşib. Ən parlaq nümunə Ukraynadır. Əfqanıstan təcrübəsi var: amerikalılar demək olar ki, bir gündə oranı tərk etmək qərarına gəldilər və bununla da amerikalılara sona qədər inananları ölümə məhkum etdilər. Avropa və ABŞ-ın ən yaxşı dostu Mixail Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdır – o, Gürcüstan həbsxanasındadır”.

Ovannisyan vurğulayıb ki, Bakının strateji planları var və son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib:

“Məsələn, əgər Bakıya Qarabağı sakit şəkildə nəzarətə götürə bilmək üçün Ermənistanla sərhəddə nisbi sabitlik lazımdırsa, o zaman bu sakitliyi qoruyacaq. Bunun əksinə olaraq, həm Ermənistan hökuməti, həm də onun müxalifləri situasiya qərarları ilə yaşayır vəlar və ümumiyyətlə onlara nə lazım olduğunu bilmirlər. Ermənistan bir tərəfdən “3+2” formatına (Azərbaycan, Ermənistan və Rusiya, İran, Türkiyə) razıdır, digər tərəfdən də isə danışıqlar üçün Avropa platformasında israr edir və AB missiyasını genişləndirir. Bu formatda olan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıq edib və üçüncü qüvvələri regional məsələlərə cəlb etməməyə çağırıblar, lakin İrəvan inadla iki antaqonist, bir-birini inkar edən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkənin rəhbərliyinə ciddi yanaşmaq olmaz”.

Ovannisyan hesab edir ki, Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirməsidir:

“Ermənistan ölkə rəhbərliyinin savadsız və məsuliyyətsiz siyasəti sayəsində Qərbin əlində geosiyasi alətə çevrilir”.

Qeyd edək ki, Ermənistanda AB müşahidəçilərinin sayının 138-dən 209-a qaldırılması haqda qərar qəbul edilib.