Berdımühəmmədov özü üçün dəbdəbəli məqbərə tikdirir

Türkmənistanın keçmiş prezidenti, hazırkı prezident Sərdar Bardımühəmmədovun atası Qurbanqulu Berdımühəmmədov Arkadağ şəhərində özü üçün mavzoley tikdirir.

Yerli media Dövlət Tikinti Komitəsinə yaxın mənbəyə istinadən xəbər verir ki, məqbərə sürətlə tikilməkdə olan məscidin yanında inşa edilir.

Bildirilir ki, hər iki obyektin tikintisini eks-prezidentin köhnə dostu olan Kakacan Taşlıyevin şirkətləri aparır.

Mənbənin sözlərinə görə, təkcə məscid dövlət büdcəsindən 400 milyon dollardan çox vəsait aparacaq. Məqbərənin qiyməti məlum deyil. Mənbə qeyd edir ki, hər iki bina “dəbdəbəli” görünəcək. Onlar qiymətli daşlarla bəzədiləcək.

Qeyd edək ki, Türkmənistanın ən böyük məscidi eks-prezident Saparmurat Türkmənbaşı adını daşıyır və dörd dəfə ucuz başa gəlib. Həmin məscid 2004-cü ildə açılıb, iki ildən sonra Türkmənbaşı dünyasını dəyişib və ailə məqbərəsində dəfn edilib.

Mənbə podratçı şirkətin adını çəkmir. Turkmen.news-un redaksiyasına daxil olan sənədlərdən məlum olur ki, Taşlıyev bir neçə şirkətin həmtəsisçisidir. Bu tikinti şirkətinin direktoru onun oğlu Şamuhammet Taşlıyevdir.

Kakacan Taşlıyev və Qurbanqulu Berdiməhəmmədov köhnə dostlardır. Müstəqilliyin ilk illərində Taşlıyev tikinti naziri olub. 2000-2001-ci illərdə o, Niyazov tərəfindən “vurulub” və az qala həbs cəzasına məhkum ediləcəkmiş. Berdiməhəmmədov prezident olandan sonra onun şansı yenidən yavər gedib.

Turkmen.news-un mənbələrinin məlumatına görə, ötən ilin dekabrında eks-prezident ağır xəstəlik keçirib və bir həftə ictimaiyyət arasında görünməyib.(Musavat.com)