Fransanı idarə edənlərin beynəlxalq hüquqdan xəbəri yoxdur

Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilən Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat araşdırmaları nəticəsində ifşa olunmasından və Fransa vətəndaşlarından birinin bu günlərdə casusluq əməlinə görə tutulmasından sonra biz əslində Fransa tərəfindən həm izahat, həm də üzr gözləyirdik.

Lakin Fransa tərəfi baş verənlərlə bağlı izahat vermək və istintaqla əməkdaşlıq etmək əvəzinə bundan imtina edir və bu da azmış kimi, üstəgəl, Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa vətəndaşının casusluq əməlinə görə tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlama ilə çıxış edir. Bu isə artıq bütün “qırmızı xətt”ləri, diplomatik normaları tapdayıb keçmək deməkdir. Fransa öz ayıbına kor olmaq əvəzinə, necə deyərlər, qabaqdangəlmişlik edir və “qara məni basınca, mən qaranı basım” prinsipi ilə Azərbaycanın üzərinə gəlir.

Fransa tərəfinin bu hərəkətləri tamamilə yersizdir. Çünki Azərbaycan heç bir beynəlxalq hüquq normalarını və diplomatik protokolu pozmayıb. Hər şey hüquq çərçivəsində baş verir. Fransa vətəndaşı Martin Rayan casusluq əməlləri törətməkdə şübhəli bilindiyinə görə həbs edilib və Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Martin Rayanın hətta valideynləri ilə telefonla danışmaq imkanı da yaradılıb və o, atasına deyib ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır.

Belə olan halda Fransa tərəfi nəyə etiraz edir? Məgər kifayət qədər təcrübəli diplomat olan Fransanın xarici işlər naziri Katrin Kolonna bilmirmi ki, onun ölkəsinin və rəhbərlik etdiyi nazirliyin hazırkı davranışı Azərbaycanın daxili işlərinə və Martin Rayanla bağlı istintaq-təhqiqat tədbirlərinin gedişatına açıq-aşkar müdaxilə etmək deməkdir?

Rəsmi Parisin məntiqini (daha doğrusu, məntiqsizliyini) başa düşmək mümkün deyil. Fransanı idarə edənlərin beynəlxalq hüquqdan xəbəri yoxdur. Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə, həyasızlıq edirlər. Bu da əsl fransızsayağı siyasi mədəniyyətsizlikdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri