Pentaqon rəhbərində xərçəng aşkar edilib

2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular. O, əməliyyat olunub, yanvarın əvvəlində isə ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında bildirilir.

Sənədə əsasən, 2023-cü il dekabrın əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat keçirib.

Sənəddə deyilir ki, 2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də prosedurdan irəli gələn fəsadlar səbəbindən Uolter Rid Tibb Mərkəzinə yerləşdirilib.

Mütəxəssislər Ostində “tam sağalma” gözlədiklərini, lakin bunun “uzun proses ola biləcəyini” qeyd ediblər.