Rusiya yenidən qızıl-valyuta ehtiyatlarının satışına başlayır

Yanvarın 15-dən fevralın 6-dək Rusiya Maliyyə Nazirliyi büdcə qaydası çərçivəsində 69,1 milyard rubl məbləğində xarici valyuta/qızıl satışı həyata keçirəcək. Nazirliyinin bununla bağlı yaydığı məlumata görə, satış əməliyyatlarını gündəlik həcmi 4,1 milyard rubl ekvivalentində olacaq

Xatırladaq ki, neft-qaz gəlirlərinin kəskin azalması fonunda dəfələrlə artan hərbi xərcləri qarşılamaq üçün Rusiyada ötən ilin əvvəlindən qızıl-valyuta ehtiyatlarının satışına başlanıb, bu proses avqustda valyuta alışla əvəz olunub. İndi yenidən satışa qayıdılması dövlət büdcəsinin xərclərinin qarşılanması ehtiyacı ilə bağlıdır.

Maliyyə Nazirliyi yanvarda federal büdcədə 130,8 milyard rubl məbləğində əlavə neft və qaz gəlirləri gözləyir. Dekabrın sonunda faktiki olaraq alınan neft və qaz gəlirlərinin gözlənilən aylıq həcmdən kənarlaşması mənfi 199,9 milyard rubl təşkil edib. Nazirlik bunu emal məqsədi daşıyan neft xammalına tətbiq edilən aksiz vergisi ilə bağlı vergi qanunvericiliyinə düzəlişlər edilməsi, müvafiq yenilənmiş vergi bəyannamələrinin verilməsi, habelə fiziki həcm göstəricilərinin proqnozlaşdırılan göstəricilərdən kənara çıxması ilə izah edir.(musavat.com)