5 gün öncə NATO-ya girən İsveç NATO-ya qarşı çıxır – ərazisində baza istəmir

NATO-ya yeni daxil olan İsveç öz ərazisində daimi müttəfiqlik bazalarının olmasını istəmir.

Zafer Tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström martın 12-də Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.

“Əlbəttə, İsveçdə NATO assosiasiyaları fəaliyyət göstərəcək. Lakin biz NATO-nun daimi bazalarını istəmirik”, – o deyib.

Həmçinin, Stokholm ölkədə nüvə silahı yerləşdirmək üçün heç bir səbəb görmür. Billström əlavə edib ki, eyni zamanda İsveç Şimali Atlantika Alyansındakı müttəfiqlərinin ərazisinə qoşun göndərməyə hazırdır.

Martın 7-də İsveçin NATO-ya daxil olması ilə bağlı protokol rəsmən qüvvəyə minib, martın 11-də isə alyansın qərargahında İsveç bayrağı qaldırılıb. İsveçin baş naziri Ulf Kristersson mərasimdə deyib ki, “ölkə qonşuları ilə təhlükəsizlik sahəsində əməkdaşlığa qayıdıb”.

İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin onların üzvlüyünün ratifikasiyası gecikmişdir. 4 aprel 2023-cü ildə bloka rəsmi olaraq yalnız Helsinki qoşuldu. İsveç də öz növbəsində Türkiyə və Macarıstanın üzvlüklə bağlı təsdiqini gözləyirdi.

Türkiyə parlamenti 2024-cü il yanvarın 23-də İsveçin NATO üzvlüyünü ratifikasiya etmək üçün səs verib. Macarıstan prezidenti Tamas Şuyok ölkə parlamentinin krallığın NATO-ya daxil olması ilə bağlı qərarını martın 5-də imzalayıb. Beləliklə, İsveç bu hərbi təşkilatın 32-ci üzvü olub.