AHK sədri Azərbaycan xalqını təbrik edib

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AHK Mətbuat xidməti xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Bu gün ölkə və xalq olaraq hamımız bayram ovqatına köklənmişik. Mən bütün xalqımızı, dünya azərbaycanlılarını Yazın gəlişini müjdələyən Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, sizin hər birinizə sevinc və sevgi dolu bahar əhval-ruhiyyəsi, bol uğur və möhkəm cansağlığı arzu edirəm.

Tariximizdə Ərgənəkon, Yeni gün, Novruz, Yaz bayramı kimi müxtəlif adlarla dərin iz buraxmış bu gözəl bayramımız Azərbaycan xalqının sülhpərvər, yenilikçi, qurucu xalq kimi təqdimatında mühüm rol oynayıb. Özü ilə sülh, rifah və birlik gətirən, hamımıza oyanış zamanının gəldiyini bildirən Novruz bayramı milli pasportumuza, vizit kartımıza çevrilib. Köhnə dostları, qohum-əqrəbanı, qonşuları, ailələri və nəsilləri bir araya gətirən, bayram süfrələrini birlik-bərabərlik məclislərinə çevirən Novruz bayramı Azərbaycan xalqını dünyada tanıdan milli rəmzlərimizdən, mənəvi dəyərlərimizdən biridir. Novruz bayramının gəlişi ilə köhnə il elliklə, bayram şənlikləri (ilaxır çərşənbələri) ilə yola salınır, Yazın başlanması təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Novruzun qarşılanması mərasimi yurdumuzun hər yerində yüksək əhvali-ruhiyyə şəraitində, xüsusi izdihamla keçirilir.

Bu bayram eyni zamanda həmrəyliyimizin, milli birliyimizin rəmzinə çevrilib. Novruz bayramı təbiətlə insanın bir araya gəlməsi, həmrəy olması, hamının birlik, bütövlük anlayışı ilə hərəkət etməsi bayramıdır. Novruz bayramının milli həmrəylik bayramı olduğunu hələ illər öncə Ulu Öndərimiz Heydər Əliyev də çıxışlarından birində xüsusi olaraq vurğulamışdı. O, bu bayramın siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq bütün azərbaycanlılar üçün ortaq dəyər olduğunu diqqətə çatdırmış və Novruz bayramının dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı olduğunu qeyd etmişdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir” (Heydər Əliyev, 21 mart 2000-ci il).

44 günlük İkinci Qarabağ müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra, artıq dördüncü ildir ki, ilaxır çərşənbələr və Novruzun gəlişi azad edilmiş torpaqlarımızda da yüksək təntənə ilə qeyd olunur. Bu il isə ilk Zəfər məşəlimiz, bayram tonqalımız məhz Xankəndidə alovlandırıldı. Belə ki, Prezident İlham Əliyev martın 18-də Xankəndi şəhərində bayram tonqalını yandırdı və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. 33 ildən sonra ilk dəfə Xankəndidə yandırılan tonqal Zəfər tonqalımızdır. Və bu il Novruz şənliklərinə məhz qədim Azərbaycan torpağı olan, Pənahəli xan tərəfindən salınmış Xankəndidən başlamağımız tarixi haqqımızdır. Bu haqqımızı bərpa edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və bu haqqımızın bərpası uğrunda canlarını qurban vermiş əziz şəhidlərimizə, igidlik göstərmiş əsgər və zabitlərimizə, qazilərimizə təşəkkür borcumuz var. Bəli, Prezident İlham Əliyev Ulu Öndərimizin vəsiyyətini yerinə yetirdi, Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və indi biz artıq Qarabağda, Şərqi Zəngəzurda Novruz bayramını qeyd edirik. Bu gün biz Qalib Xalq kimi başımızı dik tutaraq qürurla yaşayırıq. İnşAllah bundan sonra Bütöv Azərbaycanımızın hər guşəsində bayram tonqallarımız gur yanacaq.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Novruz bayramı günlərində də bir daha dərin hörmət və ehtiramla yad edirik. Prezident və Ali Baş Komandanımız İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətini, qazilərimizi, bütün dünya azərbaycanlılarını Novruzun gəlişi münasibətilə təbrik edirik. Qoy, bu əziz bayramımız hər ocağa bol ruzi-bərəkət, sevinc gətirsin. Cəmiyyətimizdə daim həmrəylik hökm sürsün, küsülülərimiz barışsın, xoşgörü və dialoqa hər zaman açıq olaq. Hər qarışında şəhid qanı olan torpaqlarımızdan sülh və əminamanlıq heç vaxt əskik olmasın. Allah Azərbaycanımızı və bütün Türk Dünyasını qorusun!

Novruz bayramınız mübarək olsun!

Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”