Biz İranın zəif və həssas tərəflərini daha yaxından görmək imkanını əldə etdik

İranın ötən gecə İsrailə dron və raket zərbələri endirməsi bütün dünyada olduğu kimi bizim ölkəmizdə də diqqətlə izlənilirdi. Düzdür, biz bu qarşıdurmada tərəf deyilik və prosesə qarışmırıq. Lakin prosesin hansı nəticələrlə bitməsi Azərbaycan üçün önəmli olduğuna görə, İran-İsrail qarşıdurmasının növbəti qaynar fazasını diqqətlə izləməyimiz də təbiidir. Bunun bir səbəbi İsrail ilə tərəfdaşlıq münasibətlərimizin mövcudluğu ilə bağlıdırsa, digər səbəbləri isə Güney Azərbaycandakı soydaşlarımızın taleyi üçün narahatlıq keçirməyimiz və eləcə də aprelin əvvəlində İsrailin İranın Suriyadakı konsulluq binasını vurmasından sonra İran tərəfindən “İsrailin Azərbaycandakı səfirliyini hədəf alaq” səpkili sərsəm təkliflərin səsləndirilməsi ilə bağlıdır.

Bizi hədəfə almaq iddiasını gizlətməyən molla İranının İsrailin Suriyadakı konsulluq binasını vurmasını nə zaman və hansı istiqamətdən cavablandıracağı heç şübhəsiz ki, Azərbaycanı da ciddi şəkildə düşündürürdü. Və budur, rəsmi Tehran təxminən iki həftəlik gecikdirmədən sonra nəhayət ki, İsrailə cavab haqqından istifadə etdi və ötən gecə özünün Yaxın Şərqdəki proksi qüvvələri ilə birlikdə İsrail istiqamətində 300-dən çox dron, qanadlı və ballistik raketlər atdı. Hərçənd ki, İran Silahlı Qüvvələri Baş Qərargahının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri hücumun uğurlu olduğunu iddia edirlər, lakin əsl həqiqətdə isə İranın PUA və raket zərbələrinin təxminən 99%-i İsrail, ABŞ, Böyük Britaniya və İordaniyanın birgə səyləri ilə zərərsizləşdirilib.

Beləliklə, İranın İsrailə qarşı əməliyyatı fiasko ilə başa çatmış sayıla bilər. İranın bir gecəlik uğursuz əməliyyatı indi bütün dünyada istehza hədəfinə çevrilib. Molla rejimi bu əməliyyatla İranın sarsılmış imicini düzəldə biləcəyinə ümid bəsləyirdi, lakin son nəticədə İran daha da acınacaqlı vəziyyətə düşdü. Hər kəs əyani surətdə gördü ki, İran İsraillə və onun müttəfiqləri ilə savaşmaq gücündə deyil.

Bu əməliyyatdan sonra molla rejiminin davakar ritorikasını davam etdirməsi “blef” kimi qəbul ediləcək. İran-İsrail qarşıdurmasının bu mərhələsi Azərbaycana da özü üçün müəyyən nəticələr çıxarmağa imkan yaratdı. Rəsmi Bakı İran və İsrailə müraciət edərək iki ölkə arasında artan gərginlikdən dərin narahatlığını dilə gətirdi və tərəfləri təmkinli olmağa, Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırdı. Lakin bir məqamı da qeyd etməliyik ki, biz bu əməliyyatın gedişində İranın zəif və həssas tərəflərini daha yaxından görmək imkanını əldə etdik. Eyni zamanda indi İranın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək siyasətini neytrallaşdırmağımız üçün yeni imkanlar yaranır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri