Amerikalı konqresmenlər erməni lobbisinin sponsorluğu ilə hər cürə mənəviyyatsızlığa hazırdır

Biz ABŞ senatorlarının və konqresmenlərinin zaman-zaman ermənipərəst təşəbbüslərlə çıxış etməsinə dəfələrlə şahidlik etmişik. Bu mənada ABŞ-ın bir qrup konqresmeninin bu günlərdə Azərbaycanın əksəriyyəti hərbçilərdən ibarət olan 40 nəfər yüksək vəzifəli şəxsinə sanksiyalar tətbiq edilməsi təşəbbüsünü irəli sürməsi əsla təəccüblü deyil. Məsələnin təəccüblü olan və tamamilə absurd tərəfi isə budur ki, təşəbbüs müəllifləri sözügedən hərbçilərin həmin bədnam “sanksiyalar siyahısı”na salınmasının səbəbini Azərbaycanda insan haqlarının pozulması ilə əlaqələndirməyə çalışıblar.

Bəli, məlum “sanksiya siyahısı”nın əsas səbəbi kimi Azərbaycanda insan haqları göstərilib, lakin əsl hədəf isə məhz 44 günlük Vətən müharibəsindəki Qələbəmizə və Qarabağda erməni separatizminin ləğvi ilə nəticələnən lokal antiterror əməliyyatına görə yüksək rütbəli hərbçilərimizə, güc strukturlarının təmsilçilərinə cəza tədbirlərinin tətbiq edilməsi cəhdidir. Belə ki, döyüş generalımız, müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin və Dövlət Sərhəd Xidmətinin (DSX) bir sıra yüksək rütbəli zabitlərinin də adlarının ermənipərəst konqresmenlərin “sanksiya siyahısı”nda yer alması faktı onu göstərir ki, bu təşəbbüsün əsas hədəfi heç də insan hüquqlarının qayğısına qalmaq deyil. Çünki adları çəkilən hərbçilərin və rəsmilərin insan haqları sferası ilə heç bir əlaqəsi yoxdur. Ortada sadəcə və sadəcə qisas faktoru var.

Bəli, anti-Azərbaycan mövqeyindən və türkəfobiyadan əl çəkmək istəməyən erməni lobbisi və bu lobbinin “qidalandırdığı” Qərb parlamentariləri (ABŞ konqresmenləri, Fransa parlamentinin deputatları, Avropa Parlamentinin üzvləri) İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında bilavasitə iştirak edən yüksək rütbəli hərbçilərimizin ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirmələrini heç cürə həzm edə bilmirlər. Onların hərbçilərimizi sanksiyalar vasitəsilə cəzalandırmaq niyyəti də məhz qisas almaq istəyindən xəbər verir. Ermənipərəst qüvvələr mənfur erməni təcavüzkarlığına qarşı, erməni separatizminə qarşı mübarizədə fərqlənmiş insanlarımıza qarşı məhz bu yolla psixoloji təzyiq göstərməyə çalışırlar. Lakin Fransa Senatının anti-Azərbaycan xarakterli qətnamələri kimi, ABŞ-ın ermənipərəst konqresmenlərinin sanksiya təşəbbüsü də kağız üzərində qalacaq. Biz amerikalı konqresmenlərə daha faydalı işlərlə məşğul olmağı tövsiyyə edirik.

Dina Titus kimi qatı ermənipərəst konqresmenin rəhbərliyi ilə bizim yüksək rütbəli zabitlərimizə, məmurlarımıza və hakimlərimizə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin hazırlanması üçün səbəb kimi göstərilən sonuncu bənd ümumiyyətlə absurddur: “Erməni əsirlərin hüquqlarının pozulması”. Bu bənd onu göstərir ki, rüşvətxor konqresmenlər hazırda Bakıda həbsdə olan milyarder erməni separatçısı Ruben Vardanyanın sərvətindən də “pay” umurlar. Amerikalı “qanunvericilər” Vardanyanın pullarına görə hətta onun vaxtilə Ukraynada separatçılığa sponsorluq etməsinə də, digər çirkli işlərinə də göz yumurlar.

Maraqlıdır ki, rüşvətxor ermənipərəst senator Bob Menendezin yerini tutmağa və özünü “erməni xalqının fədakar dostu” kimi sırımağa çalışan D.Titus Azərbaycana qarşı məlum sanksiya təşəbbüsünü ötən həftə məhz Amerika Erməni Milli Komitəsinin (ANCA) qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə təşkil etdiyi mərasimdə irəli sürüb. Bu da təsadüfi deyil. Çünki ANCA-nın rəsmi saytında konqresmen Titus erməni maraqlarının müdafiəçilərindən biri kimi təqdim edilir. Və Titus da bu cür təqdimata etirazını bildirməyib. Bu da onu göstərir ki, amerikalı konqresmenlər erməni lobbisinin sponsorluğu ilə hər cürə mənəviyyatsızlığa hazırdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri