Türkiyə və İsrail liderləri danışdı: Barış başladı?

Benyamin Netanyahudan sonra Türkiyə-İsrail münasibətlərinin yenidən normallaşma prosesinə başlayacağı gözlənilirdi. Yeni Prezident İshak Hersoqun Türkiyə siyasətinin Netanyahudan fərqli olacağı artıq özünü doğruldur. Təbii ki, proses birdən-birə baş verməyəcək, lakin qarşıdakı günlərdə Ankara ilə Təl-Əviv arasında buzların əriməsinin şahidi olacağıq.

Zafer Tv xəbər verir ki, bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersoq arasında baş tutan telefon danışığı haqda danışarkən deyib.

O bildirib ki, İsrail Türkiyənin regionun açar ölkəsi olduğunu anlayır:

“İstənilən halda bu telefon danışığı müsbət qiymətləndirilməlidir. Türkiyə və İsrail münasibətləri tarixi ənənəyə əsaslanır. İsraildə Prezident İshak Hersoq ilə birlikdə yeni bir dövr başlayır. Ümid etmək olar ki, bu dönəm də İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasına, hətta həyati əhəmiyyət kəsb edən məsələlərin həllinə nail olunacaq. Ərdoğanın Hersoqu andiçmə mərasimi münasibətilə təbrik etməsi də əslində bundan xəbər verir.

Tərəflər arasında hazırda ən kəskin və ziddiyyətli məsələ şübhəsiz ki, Fələstinlə bağlıdır. Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır. Təsadüfi deyil ki, Ərdoğan telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantını gözlədiyini vurğulayıb. Yəni rəsmi Ankara Fələstin mövzusunda qəti mövqeyindən əl çəkməyəcək. İsrail bu məsələdə Türkiyənin damarına basmayacağı təqdirdə Ankara ilə uzlaşa bilər”.

Ekspertin sözlərinə görə, bu gün tərəflər arasında bir çox sahədə geniş əlaqələr mövcuddur:

“İki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensial var. Bundan əlavə, Türkiyə-İsrail münasibətləri regionun gələcəyi üçün də olduqca vacibdir. Bunu İsrail də yaxşı anlayır. Türkiyə Yaxın Şərqdə böyük idarəetmə təcrübəsinə malikdir. İstənilən halda bu ölkə ilə uzlaşmaq lazımdır”.