DİN-dən Tahir Kərimlinin oğlu ilə bağlı çıxışına REAKSİYA

Millət vəkili Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu bildirib. Bu barədə deputat “Reaksiya TV”yə verdiyi müsahibədə deyib. Kərimlinin sözlərinə görə, Milli Məclisdəki məlum çıxışından sonra həmkarları onunla hətta liftə belə minmirlər, onu övladlarının toyuna dəvət etməyiblər.

Zafer Tv xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, millət vəkili Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır:

“Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.

Qeyd edək ki, daha əvvəl T. Kərimlinin Milli Məclisin plenar iclasında eks-həmkarı Eldəniz Səlimovun müdafiəsinə qalxaraq, “polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” deməsi müzakirələrə səbəb olmuşdu.