Akarın Zakir Həsənovla görüşdə Rusiyaya mesajı

Şuşa Bəyannaməsi bu gün Azərbaycan parlamentində ratifikasiya edildikdən sonra təsdiq edilməsi üçün Türkiyə Böyük Millət Məclisinin sədrliyinə də təqdim olunub.

Eyni gündə Akarla Həsənovun Ankaradan verdikləri açıqlamalar diqqət çəkir:

– Akar Ermənistana sülh sazişinin qəbul edilməsi çağırışını etdi, Bakı və Ankaranın bunu gözlədiyini dedi; Şuşa Bəyannaməsinə uyğun hərbi müstəvidə ikitərəfli addımlardan danışdı;

– Həsənov Azərbaycan Ordusunun TSK modelinə keçidi üçün görülən işlərdən danışdı.

Bununla iki ölkənin gündəyinin eyni olduğu və bu gündəliyin icrası üçün siyasətdə olduğu kimi, hərbi müstəvidə də birgə hərəkət ediləcəyi açıqlandı.

Ən maraqlı məqam Hulusi Akarın “Türkiyə və Azərbaycan ordularının güclənməsi istiqamətində atılan addımlar başqa ölkələrə qarşı təhdid məqsədi daşımır” sözləri idi. Bu, Rusiyaya ünvanlanmış mesajdır: Moskva Şuşa Bəyannaməsinə əsasən hərbi müstəvidə atıla biləcək addımların ona qarşı olmadığını anlamaq istəyir; Ərdoğan da bəyannamə imzalanandan sonra bəzi məsələlərin Rusiya ilə müzakirə edilməsinə ehtiyac olduğunu açqıqlamışdı; istisna deyil ki, bu məsələlər müzakirə edilib və bəyannamənin ratifikasiya edildiyi gün tərəflər Ankarada atılacaq addımların detallarını razılaşdırıblar.

Asif Nərimanlı