Rusiya biabrçı şəkildə Ukraynadan çıxacaq – Politoloq

Ukraynalılar rus ordusuna qarşı son damla qanlarına qədər mübarizə aparıb, onları ərazilərindən çıxardacaq və öz ərazi bütövlüklərini təmin edəcəklər.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında bildirib.

“Rusiya biabrçı şəkildə Ukraynanı tərk etməli olacaq. Ukraynanın tarixini bilənlərə bəllidir ki, İkinci Dünya müharibəsində faşistlər Ukraynanı bütövlükdə işğal edə bilməmişdi. Stalinin repressiya aparatına belə Ukraynanın bəzi hissələrini ram etmək üçün onillərlə vaxt lazım oldu. İndi isə vəziyyət tamam fərqlidir. Ukrayna xalqı kifayət qədər millətinə, dövlətinə bağlıdır, belə bir millətə, xalqa qalib gəlmək mümkün deyil. Ola bilsin Rusiya müəyyən əraziləri işğal etsin, amma harda olur-olsun, rus qoşunlarının ayaqları altındakı Ukrayna torpağı od tutub yanacaq”, – politoloq qeyd edib.

Onun sözlərinə görə, aviazərbələr nəticəsində mülki obyektlər dağılır, silahsız insanlar – qocalar, uşaqlar ölür:

“Bu dəhşət Ukrayna xalqının yaddaşına yazılır və onlar bunu heç zaman unutmayacaqlar. Əliyalın insanların rus tanklarının önünə çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan saysız-hesabsız görüntülər təsdiqləyir ki, Ukrayna xalqı bütövlükdə bu əməliyyatı işğal kimi dəyərləndirir. Hətta Ukraynanın rus əhalisi də bu müharibəyə kəskin etiraz edir, Rusiyada da narazılıqlar sürətlə artır. Ona görə Ukraynanın qalib gələcəyinə şübhə yoxdur. Yaxşı olar ki, bu qan axıdılması bir an tez dursun, qardaş xalqların faciəsinə son verilsin, rus qoşunları geri çəkilsin”.