“Azərsu” yanında İctimai Şuranın illik fəaliyyətinə “0” qiymət verildi

“Azərsu” ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Şuranın illik fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə olunub, cari və təşkilati məsələlərə baxılıb.

İctimai Şuranın iki üzvü – Mətanət Əsgərqızı və Mirzə Vəliyev müxtəlif subyektiv səbəblərdən iclasda iştirak edə bilməyiblər.

Əvvəlcə Şuranın illik fəaliyyəti müzakirə olunub. Çıxış edənlərin hamısı İctimai Şuranın fəaliyyətini qeyri – qənaətbəxş hesab ediblər. Hətta bəzi üzvlər isə Şuranın fəaliyyətinə “0” qiymət veriblər. Buna da əsas səbəblərdən biri kimi qaydalara uyğun İctimai Şuranın toplantılarınn vaxtında keçirilməməsi, maarifləndirilmə işinin aparılmaması, fəaliyyətin bir illik qəbul edilən tədbirlər planına uyğun qurulmaması və s. olub.

İctimai Şuranın bir illik fəaliyyəti bəzi üzvlərinin yalnız Mərkəzi Laboratoriya, Kür Sutəmizləyici Qurğular Kompleksinin işi ilə tanış olmaları, 22 mart Dünya Su Günü ilə əlaqədar videokonfrans formatında müzakirələrin aparılması ilə yadda qalıb.

İclasda verilən məlumata görə, ötən müddətdə vətəndaşlardan İctimai Şuraya 47 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti həllini tapıb, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb, bir sıra məsələlərlə bağlı vətəndaşlara izahat verib.

İclasda İctimai Şuranın növbət il üzrə fəaliyyət planından irəli gələn məsələlər müzakirə olunub.

Tədbirdə qərara alınıb ki, İctimai Şuranın Maarifləndirmə və Monitorinq üzrə işçi qrupları yaradılsın. “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin üzvü Rövşən Abbasov Maarifləndirmə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Monitorinq işçi qruplarının rəhbərləri seçiliblər.

Qeyd edək ki, “Azərsu” yanında İctimai Şuraya seçkilər ötən ilin mayın 25-də, təkrar seçkilər isə mayın 27-də keçirilib.