Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu iqtisadi və siyasi islahatlar Azərbaycanın beynəlxalq müstəvidə müstəqil xarici siyasət yürütməsinin əsas təminatıdır

Bu gün Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən ölkənin yerləşdiyi coğrafi mövqe,  milli-mənəvi dəyərlər,  təhlükəsizliyin təmin edilməsi və digər aspektlər nəzərə alınmaqla Azərbaycanın beynəlxalq müstəvidə müstəqil xarici siyasət kursu müəyyənləşdirilmişdir. Hər bir müstəqil dövlət kimi, Azərbaycan da öz xarici siyasət kursunu müəyyən edərkən milli maraqlarını əsas götürmüşdür.

Milli maraqlar deyərkən ilk növbədə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizlik məsələləri nəzərdə tutulur. Bütün bu qeyd olunan məsələri nəzərə alaraq Azərbaycan bu gün beynəlxalq müstəvidə tam müstəqil siyasət xətti müəyyənləşib və bu kurs uğurla icra olunmaqdadır. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan iqtidarın  siyasi səbatsızlığı nəticəsində Azərbaycan demək olar ki, dünya dövlətlərindən təcrid olunmuş duruma düşmüşdü. İstər qonşu dövlətlərlə, istərsə də dünya dövlətləri ilə xarici əlaqələri demək olar ki, yox səviyyəsinə gəlib çıxmışdı. Azərbaycanın ərazi bütövlüyü kobudcasına bədnam qonşu dövlət olan Ermənistan respublikası tərəfindən pozulmuş və torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan bu problemin sülh yolu ilə həll edilməsi üçün 30 ilə yaxın Ermənistanla beynəlxalq təşkilatların iştirakı ilə sülh danışıqları apardı.

Amma təəssüflər olsun ki, istər düşmən tərəf, istərsə də bu münaqişənin həllində sülh yaratma missiyasını üzərinə götürmüş beynəlxalq təşkilatlar problemin həllində konkret addımlar atmayaraq, münaqişənin dondurulmuş halda qalmasında sanki maraqlı idilər. Bir milyondan çox qaçqını, köçkünü olan dövlət üçün bütün bu sosial problemlərin öhdəsindən gəlmək elə də asan başa gəlmirdi. Uğurlu iqtisadi islahatlar nəticəsində uzun illər ərzində Azərbaycanın məhv olmuş iqtisadiyyatı demək olar ki, tamamilə yenidən quruldu. Neft sektorundan əldə olunan vəsaitlər iqtisadiyyatın digər sahələrinə yatırıldı. Bununla paralel beynəlxalq müstəvidə Erməni təcavüzü, Erməni qəsbkalığının  dünya dövlətlərinin diqqətinə çatdırılması və  tanıtdırılması üçün çox böyük işlər görüldü.

Torpaqlarımızın zəbt edilməsi faktı dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən pislənildi və bu istiqamətdə beynəlxalq hüquqa söykənən qətnamələr, bəyanatlar qəbul edildi. Amma qəbul edilən hüquqi sənədlərin icrası mümkün olmur, həmin sənədlər elə kağız üzərində qalmaqda davam edirdi. Belə olan halda Azərbaycanın hər zaman alternativ hesab etdiyi hərbi yola əl atmasından başqa yolu qalmamışdı. Münaqişənin həll olunmasında daim Azərbaycanın yanında olan dövlətlər – qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna hər zaman olduğu kimi, 44 günlük Vətən Müharibəsi zamanı da Azərbaycana hər cür dəstək durdular. Qeyd olunanlar və ən əsası da xalqın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq halında sıx birləşməsi Azərbaycanı haqq savaşında qalib etdi. Bu gün artıq Azərbaycan dünya dövlətləri tərəfindən qalib, qüdrətli və iqtisadi cəhətdən dünyanın güclü dövlətləri ilə rəqabət apara biləcək gücə malik dövlət kimi qəbul edilir. Artıq dünya dövlətləri tərəfindən Azərbaycana investisiya yatırılması, icra edilən layihələrin iştiriakçısı olmaları üçün təkliflər gəlməkdədir. Bütün bunlar ona dəlalət edir ki, bu gün Azərbaycan dünya dövlətləri tərəfindən sabitliyin, əmin-amanlığın qorunub saxlanıldığı və investisiya yatrılması üçün əlverişli iqtisadi mühütün mövcud olduğu bir dövlət kimi qəbul edilir.

Hüsniyyə Ələkbərova

Neftçala rayon ziyalısı