“Şuşanın azad olunması bütün türk dünyası üçün qürur doğuran gün idi”

30 il düşmən əsarətində inləyən Şuşanın xoşbəxt günləri başlayıb. Tarixlər boyu düşmənə göz dağı olan, başı min bir müsibətlər çəkən, xüsusilə erməni vəhşiliyi nəticəsində talan edilən, ancaq azad ediləcəyi günü səbirsizliklə gözləyən Şuşa arzusuna qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəsarəti, siyasəti, müzəffər ordumuzun əzmi, qətiyyəti sayəsində azaddır.

ZaferTv.az bildirir ki, bunu Trend-ə Milli Məcisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Şuşa düşmənə baş əymədi: “İgid oğulların qəhrəmanlığının şahidi kimi başını uca tutdu, düşməni əydi, sındırdı, məhv etdi. Bu qəhrəman Şuşanın, xalqımızın haqqıdır. Çünki Şuşa xalqımızın tarixi mədəniyyət ocağı kimi tanınıb, tanınır və tanınacaqdır. Dövlətimizin rəhbərinin Şuşanı ölkəmizin mədəniyyət paytaxtı elan etməsi də səbəbsiz deyildir.

Çünki bu məkan Azərbaycana çox böyük şəxsiyyətlər, sənətkarlar, alimlər, ziyalılar, qəhrəman oğullar bəxş etmişdir. O həm də bir qəhrəmanlıq qalası, mənəviyyat simvolu kimi tanınmışdır və bu gündə həmin dəyərləri özündə yaşadır.

Məhz buna görə də cənab İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması məsələsi gündəmə gələndə hər dəfə xatırladırdı və deyirdi ki, biz üç rəngli bayrağımızı Şuşada dalğalandıracağıq. Biz Şuşamızı mütləq azad edəcəyik. O gün gəlib yetişdi və ölkə rəhbəri, Ali Baş Komandan Azərbaycan bayrağını Şuşada dalğalandırdı. Bu, Azərbaycan xalqı, bütün türk dünyası üçün ən sevimli, qürur doğuran bir gün idi.

Dövlətimizin rəhbəri bəyan etmişdir ki, Şuşa ölkənin mədəniyyət mərkəzidir. Bunun üçün ilk gündən lazımi tədbirlər görülmüşdür. Bu günlərdə Azərbaycan televiziyasına verdiyi müsahibəsində isə cənab İlham Əliyev Şuşanın qorunması, abadlaşdırılması, çiçəkləndirilməsi məsələsinə daha böyük önəm vermiş, şəhərin öz tarixi görkəmini saxlamaqla dünya standartlarına uyğun, planlı şəkildə qurulacağını bəyan etmişdir”.

Bu gün Şuşaya yol çəkilir, su təminatı yaxşılaşdırılır: “Bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün layihələr hazırlanır. Vaqif poeziya günlərinin, Xarı Bülbül festifalının keçirilməsinə hazırlıq görülür. İlkin nəticələr sevinc doğurur və insana mənəvi ruh verir.

Azərbaycan Prezidentinin sözü ilə əməli birdir, fikri qəti, atdığı addımlar düşünülmüş, yolu uğurludur. Hər birimiz əminik ki, Şuşa həqiqətən də yaxın illərdə dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınacaqdır”.