Biləsuvar sakini koronavirusun dərmanını tapıb… – “Səhiyyə Nazirliyində bildirirlər ki, sən bizim “çörəyimizə” bais olursan…”

Bütün dünyada pandemiyanın tüğyan etdiyi, hamının sosial məsafə və özüntəcrid etdiyi bir zamanda Biləsuvar sakini Qurban Abbasov Covid-19-un müalicə üsulunu tapdığını iddia edir.

Xatırladaq ki, bir neçə həftə əvvəl onun redaksiyamıza ünvanladığı məktubu dərc etmişdik. Mövzunun kifayət qədər maraq doğurduğunu nəzərə alıb, Q.Abbasovun özü ilə söhbətləşdik.

– Qurban müəllim, siz hazırda hansı fəaliyyətlə məşğulsunuz?

– Mən tikinti mühəndisi işləyirəm. Müxtəlif elmləri bilirəm. Yüksək dərəcədə savadım var.– Hazırda işləyirsiniz?

– Hazırda işləmirəm. Pensiyaya çıxmışam.– Redaksiyamıza gəlməmişdən öncə redaksiyamıza məktub ünvanlamışdız…– Düzdür, məktubu ünvanlamışam, amma elmi izahını yazmamışam.

– Deyirsiniz ki, koronavirusu tibbi baxımdan müalicə edirsiniz…

– Bəli, mən virusu sağaltmağın yollarını bilirəm və bunu tətbiq etmişəm. Bunu edə biləcəyimə arxayınam. Fakta əsaslanıb, edirəm. Ailə üzvlərimdən iki nəfər koronavirusa yoluxmuşdu, birinin vəziyyəti ağır, digərinin isə qənaətbəxş idi. Hər ikisinin də temperaturu yüksək olub. Eyni zamanda, onlarda dadbilmə, qoxubilmə və iştah yox idi. Analiz verdilər və Covid-19 virusuna yoluxduqları təsdiqini tapdı. Biri işdə, digəri isə evdə yoluxub. Daha sonra bildirdim ki, virusu özüm sağaldacam…

Etdiyim iş möcüzə yox, elmə əsaslanır. İşimi kimya elminin qanunlarına əsaslınıb, tətbiq edirəm. Orqanizmdə elə bir mühit yaradıram ki, virus ora düşəndə inkişaf edə bilmir və məhv olur. Bunu ərzaqlarla edirəm.

Əvvəlcə onları psixoloji cəhətdən hazırladım və maarifləndirdim. Müalicədə limon, sarımsaq və qatıqdan istifadə etdim. Hər gün üç dəfə olmaqla, dediyim qidaları qəbul etdilər. Üç gündən özlərini yaxşı hiss etdiklərini dedilər. Hər ikisinin dadbilmə və iybilmə qabiliyyətləri düzəlib. Mən buna arxayınıydım və müalicədən sonra bir daha sübut etdim. Daha sonra, onlara nə yemək istədiklərini soruşdum. Onlara üç kq quzu əti alıb yemək bişirdim. Onlar qidanı qəbul etdikdən sonra, orqanizmdə immunitet inkişaf etməyə başladı. Təkrar analizin cavabları gəldikdə, virusun yox olduğu məlum oldu. Həkimlər də tez-tez əlaqə saxlayıb, bunu necə etdiyimi öyrənməyə çalışırdı. Mən isə bunu sirr olaraq saxlayırdım. Həkim bildirdi ki, nəticə müsbət təsirini göstərirsə, müalicəni davam etdirin.

Dediklərimin hamısı fakta əsaslanır. Dediyim kimi, bu möcüzə deyil, elmi əsaslara söykənib, kimya və fizikanın qanunları ilə müalicə edirəm.

– Ailə üzvlərinizi sağaltdığınızı bildirirsiniz. Konkrtet olaraq kimləri sağaltmısınız?

– Koronavirusa yoluxan həyat yoldaşımı və gəlinimi üç günün ərzində sağaltmışam. Ailə üzvlərimin digərlərində də bu üsulu tətbiq etməklə tədbirlərimi görürəm. Bu üsulu öz üzərimdə tətbiq edirəm. Virusdan qorxum yoxdur.

– Belə bir müalicə üsulunu bildiyinizlə bağlı dövlət orqanlarına məlumat vermisiniz?

– Xeyr, dövlət orqanlarına müraciət etməmişəm. Mən, bir çox xəstəlikləri də müalicə edirəm. İnsanların üzərində tətbiq etmişəm. Nəticədə effekti də olub. Səhiyyə Nazirliyində olmuşam. Orda mənim bu işimə maraq göstərilmir. Bildirirlər ki, sən bizim “çörəyimizə” bais olursan…

Özü də xəstəlikləri dərmansız müalicə edirəm. Heç bir dərmandan istifadə etmirəm. Yalnız ərzaqlardan istifadə edirəm.

– Yalnız ərzaqlarla müalicə effekt verdi?

– Dediyim kimi, ailə üzvlərimdə virus aşkarlanmışdı. Üç gün ərzində evdə nizam-intizam yaratdım. Heç kimin bir-biriylə əlaqəsi olmadı. Daha sonra yenidən analiz verəndə, virus aşkarlanmadı. Hətta bahalı dərmanlar almışdılar. Amma, heç o dərmana ehtiyac qalmadı. //hurriyyet.org//