Azərbaycanın İordaniyadakı Səfirliyinin təşəbbüsü ilə, cari ilin 25 fevral tarixində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxt Əmman şəhərinin Yeni Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan küçənin üzərində yerləşən İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.
Ardınca Xocalı soyqırımı barəsində dolğun məlumatlar verdiyi zaman E.Şahhüseynov dinc əhalimizə qarşı törədilmiş vəhşiliklərin, onların amansızcasına qətlə yetirilməsinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi qeyd edib, İordaniya Senatının 2013-cü ilin 19 iyun tarixində Xocalı qətliamını pisləyən bəyanat qəbul etdiyini və bununla da Krallığın Xocalıda kütləvi qırğını etiraf edən ilk ərəb ölkəsi olduğunu qabardıb və bu bəyanatın bütün Azərbaycan xalqı tərəfindən yüksək təqdir edildiyini vurğulayıb.Sonra o, umummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xüsusən də iyrənc erməni əks-təbliğatı fonunda Xocalı faciəsinə dair reallıqların qlobal səviyyədə təbliğ edilməsinə başlandığını, məhz Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildən 26 fevral Xocalı qətliamı günü kimi qeyd edildiyini xatırladıb, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verildiyinə və bu kampaniyanın fəal təbliğat işinə müstəsna töhfəsinə diqqət çəkib.
Tədbirdə Xocalı və Vətən müharibəsi qurbanları üçün dualar da edilib.