Erməni politoloq: “Azərbaycanın Şuşaya yol çəkməsi relyef baxımından mümkün deyil”

“Azərbaycan  Varandadan (Ermənilər Qarabağı işğal etdikdən sonra Füzuli rayonunu belə adlandırırdılar – red)  Şuşaya  çox yavaş templə  yol çəkməyə çalışır. Amma bu,  coğrafi cəhətdən və  relyef baxımından praktik olaraq mümkün deyil”. Bu iddia  ilə  qondarma “Qarabağ respublikası” “prezidentinin”  sabiq “müşaviri” politoloq  Tiqran Abramyan çıxış edib.  O, bu iddianı Xocavəndin Qırmızı Bazar qəsəbəsindən keçərək Şuşaya gedən yolun  əhəmiyyətindən  danışarkən  irəli sürüb.

Tiqran Abramyan 

Saxta.info Abramyanın Şuşaya yol çəkilişinin mümkün olmaması barədə iddiasının reallığı əks etdirib-etdirmədiyini yoxlayıb.

Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinə 2020-ci il noyabrın 16-dan start verilib.  Bu, Şuşanın Ermənistan silahlı qüvvələrinin  işğalından azad edilməsinin 8-ci, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan üçtərəfli bəyanatın 6-cı gününə təsadüf edir. Həmin vaxt layihənin icrası ilə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki,  bu yol  işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.    

Noyabrın  17-də Azərbaycan  Prezidenti Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişi məqsədilə sərəncam imzalayıb.  Sərəncama əsasən  Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq  50   milyon manat ayrılıb. Azərbaycan Prezidenti çıxışında 2021-ci ildə yolun çəkilişi üçün əlavə vəsait ayrılacağını bildirib,  layihənin qısa müddətdə ərzində icra olunacağını bəyan edib.

Qeyd edək ki, Azərbaycanda Şuşaya çəkilən bu  yol “Zəfər yolu”  adlandırılır.  Bu isə təsadüfi deyil.  Çünki Azərbaycan ordusu  Şuşaya  məhz  bu yolun keçdiyi ərazidən daxil olub və  şəhərdə Ermənistanın 28 illik işğalına son qoyub.   Başlanğıcını Füzulinin Əhmədbəyli  kəndindən  götürən  “Zəfər yolu”   Füzuli, Xocavənd, Xocalı və Şuşanın 20-dən artıq  yaşayış məntəqəsindən  keçir.

Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, işlərə başlanandan, yənin noyabrın 16-dan cəmi iki ay sonra  tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib  və  Şuşa şəhərinədək 101,5 kilometrlik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib.

Hazırda  Şuşanın işğaldan azad olunmasının mənəvi rəmzi olan “Zəfər Yolu”nun genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.  Bu ilin sentyabr ayınadək  yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Yuxarıda qeyd edildiyi kimi, yolun qısa müddətdə təhvil verilməsi məqsədilə  ərazi bir neçə hissəyə bölünüb və  tikinti işlərini  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 və 7  nömrəli  Xüsusi Təyinatlı Yol İstismarı  müəssisələri,   həmçinin çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik  Türkiyənin  “Kolin İnşaat” şirkəti  və  bir yerli  şirkət  icra edir.

Buna paralel olaraq  Prezident İlham Əliyevin bu il  yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi də davam etdirilir.  Bu layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km qısalaraq 84.6 km təşkil edəcək. İlkin hesablamalara görə,  tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq.  

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeri gəlmişkən,  yeni Füzuli-Şuşa avtomobil yolu Füzuli Hava Limanı  ilə əlaqələndiriləcək.  Bu səbəbdən yoliun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da  nəzərdə tutulur.   Çəkilişi  4 hissə üzrə  aparılan  Yeni Füzuli-Şuşa avtomobil yolunun inşasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,  “Azvirt” MMC və  Türkiyənin “Kolin İnşaat” şirkəti  başqa olmaqla türk şirkətlər qrupu  iştirak edir.

Hazırda yolun 0-3, 34-37 və 51-53-ci km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə  işlər davam etdirilir.

Yolun istifadəyə verilmə tarixinə gəlincə AAYDA-dan verilən məlumata görə,  Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur. Bu yol sayəsində Bakıdan Şuşaya olan məsafə də  qısalaraq təqribən 345 km   təşkil edəcək.  Bundan əvvəl paytaxtdan Şuşaya  məsafə 400 km-dən çox olub. 

Göründüyü kimi,  erməni politoloqun  iddiasının əksinə  bu ilin yanvar ayından etibarən Şuşaya uzunluğu 101,5 kilometrlik xidməti yolla getmək mümkündür.  Sentyabr ayında isə bu yolda asfaltlanma işləri də  başa çatacaq.  Digər, yeni Füzuli-Şuşa yolu isə  gələin il istifadəyə veriləcək. 

Saxta.info bu qənaətə gəlib ki,  Füzulidən Şuşaya çəkilən yollarda işlərin gedişatı və sürəti erməni politoloqun iddiasının əsassız olduğunu göstərir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support