Azad olunmuş ərazilərə böyük qayıdış: Proses necə baş verəcək?

“İşğaldan azad olunum ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq”.
Zafer Tv xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasnda Milli Məclisin deputatı Vüqar Bayramov işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdan danışarkən deyib. Onun sözlərinə görə, birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, o cümlədən kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusu şəbəkənin yaradımasıdır:
“Üçüncü mərhələ sosial və və inzibati  binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-bab yurdlarına qayıtması və məskunlaşmasıdır. Nəzərə alaq ki, bu mərhələlər icra olunur, xüsusən də bəzi mərhələlər pararel olaraq icra olunur. Məsələn, infrastrukturun formalaşdırılması və ya minalardan təmizlənmə, qiymətləndirmə eyni zamanda icra olunmağa başlayıb. Hətta savaşın getdiyi günlərdə belə biz bəzi işğaldan yeni azad olunmuş ərazilərmizdə infrastrukturun formalaşmasını müşahidə edirik. Suqoşuşan, Talış kəndi, eyni zamanda artıq Zəngilanda “Ağıllı kənd” inşa edilir. Bu, ilk “Ağıllı kənd” olacaq. Kənd inşa edildikdən sonra vətəndaşlarımızın orada məskunlaşması reallığa çevriləcək. Bütövlükdə enerji və digər kommunal infrastrukturunun şəbəkə olaraq növbəti ilin ortasınadək formalaşması nəzərdə tutulub. Gözlənilir ki, növbəti üç il ərzində ilkin infrastrukturun formalaşdırılmasına çalışılacaq. Təbii ki, vətəndaşlarımızın ora qayıtması üçün infrastruktur çox vacibdir. Çünki vətəndaş qayıtdıqdan sonra həm evlə təmin olunmalıdır, həm də eyni zamanda kommunal xidmət imkanları olmalıdır. Artıq Ağdamın baş planı təsdiq olunub. Ağdam şəhərinin inşaasına başlanılıb. Bu o deməkdir ki, artıq baş plan təsdiq olunmuş şəhər və rayonlarda işlər gedir, bərpa prosesi həyata keçiriləcək. İnfrastruktur formalaşandan, sosial-inzibati binalar, yaşayış evləri inşa ediləndən sonra vətəndaşlarımız artıq həmin ərazilərimizə qayıda biləcək.
Kənd təsərrüfatı ilə məşğul olmaq imkanları geniş olacaq. Çünki nəzərə alaq ki, pay torpaqlarının verilməsi baş planda nəzərdə tutulub. Eyni zamanda “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına uyğun oldğuna görə həm də emaledici sənaye olacaq. Həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının emalı həyata keçiriləcək. Bu da ərazilərimizdə yaşayacaq ixtisaslı kadrların işlə təmin olunması baxımından vacibdir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yaşayış bərpa olunduqdan sonra məşğulluq prioritet məsələlərdən biri olacaq. Yanaşma da ondan ibarətdir ki, ora qayıdan vətəndaşlarımız işlə təmin olunsun. Ona görə həmin ərazilərimizdə kifayət qədər yeni iş yerlərinin yaradılması gözlənilir”.
İqtisadçı alim Nazim Bəydəmirli isə hesab edir ki, post-münaqişə dövründə mülki əhalinin hər hansı bir yerdə yaşaması onun təhlükəsizliyi ilə bağlı olmalıdır:
“Azərbaycan Respublikasının vətəndaşlarına tam zəmanət verilməlidir ki, onlar bir daha 1980-ci illərin sonu, 1990-ci illərdə olan problemləri yaşamayacaq, məcburi köçkün düşməyəcəklər. Bu baxımdan Ermənistanın, həmçinin Rusiya sülhməramlılarının himayəsi altında olan erməni terror təşkilatları hələ ki, Qarabağda, Xankəndidə, Xocalıdadır. İlk növbədə biz ordumuzun orada yerləşməsini təmin etməliyik. Təhlükəsizliyimizi, mobilliyimizi qorumaq üçün ordu və sərhəd birləşmələri tam təsis olunmalıdır. Harda ki infrastruktur lazımdırsa, onu qurmaq lazımdır. Azad olunmuş ərazilərə köçmək istəyən əhalinin əmək şəraiti təmin olunmalı, onların pay torpaqları verilməlidir. Bu, həyata keçirilib təşviq olunmalıdır. Bütün bunlar hökumətin vəzifəsidir. Hesab edirəm ki, hökumət müxtəlif layihələrin təqdimatı ilə məşğuldur. “Ağıllı kənd” və s. kimi məsələlər pilot layihə kimi cəlb oluna bilər. Qarabağda tam şəffaflığı təmin etmək üçün kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları şəffaf və tərəfsiz olmalıdır”.
İqtisadçı ekspert Rəşad Həsənov isə qeyd edib ki, Qarabağa qayıdış mərhələli şəkildə həyata keçirilməlidir:
“İlkin mərhələdə ərazilər minalardan təmizlənməlidir. İkincisi, sosial infrastruktun formalaşması, dövlət tərəfindən müvafiq olaraq mülkiyyət hüquqlarının təmin edilməsi, torpaq bölgüsünün aparılması və s. bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək. Düşünürəm ki, ilk dövrlərdə əhalinin böyük hissəsi həmin torpaqlara qayıdacaqlar. Xüsusi ilə də orta və yaşlı nəsil. Ola bilsin ki, gənc nəsil qayıtmaqda tərəddüd etsin. Xüsusilə də onlar işlə bağlı tərəddüd edə bilərlər, məsələn, əksəriyyəti şəhər mühitində böyüyüblər. Yaşlılarınsa birdən-birə kənd və rayon yerlərinə köçmələri o qədər problem olmayacaq. Amma gənc nəslin kənd yerlərinə köçmələrində dediyim kimi, müəyyən tərəddüləri ola bilər. Bu başadüşüləndir. Bu yanaşma dövlət tərəfindən də qəbul olunmalıdır. Düşünürəm ki, sorğular keçiriləndə bu məqamları nəzərə alacaqlar. Amma sonrakı proses daha çox həmin ərazilərdə formalaşdırılan iqtisadi biznes mühitindən asılı olacaq. Əgər həmin ərazilərdə normal biznes mühiti olacaqsa, iqtisadiyyat inkişaf edəcəksə, o zaman orada dayanıqlı məskunlaşmadan söhbət gedə bilər. Əgər bunlar olmayacaqsa, həmin əhali mərhələli şəkildə yenidən şəhər mərkəzlərinə doğru orqanizasiya edəcək. Yəni iş tapmaqla bağlı, nisbətən daha yaxşı infrastruktura, təhsilə, səhiyyə xidmətlərinə çıxış əldə etməklə bağlı… Ona görə də düşünürəm ki, hökumətin bütün Qarabağın bərpası ilə bağlı planları məhz qeyd edilən məqamları nəzərə almaqla, dayanıqlı məskunlaşma imkanlarının yaradılması üçün bütün sosial-iqtisadi infrastruktutu və mühiti formalaşdırmaqla baş tutmalıdır. Əks halda bizim digər regionlarda olduğu kimi, orada da daha çox yaşlı nəsil, dövlət sektorunda işləyənlər, hardasa təhsildə, səhiyyədə və digər qurumlarda işləyənlər qalacaqlar. Əsas işçi qüvvəsi digər yerlərə üz tutmalı olacaq.
Əhalinin Qarabağa köçürülməsi kombinə olunmuş formada baş tutacaq. Düzdür, əsas infrastruktur – yol, işıq, qaz bunlar dövlət tərəfindən çəkiləcək. Binalar, məktəblər, səhiyyə müəssisələri, xəstəxanalar, mədəniyyət evləri və s. dövlət tərəfindən təmin olunacaq. Amma burada eyni zamanda müəyyən qədər əhalinin özünün də iştirakı olmalıdır. Ailə təsərrüfatlarının formalaşması hansı ki, məşğulluğun böyük hissəsini Qarabağda təşkil edəcək, bu, ailələrin birbaşa iştirakı və insanların fərdi təşəbbüsləri ilə olmalıdır. Onlar orada işləməli, əkib-becərməlidir və yaxud da xidmət infrastrukturunun formalaşması, restoranlar, iaşə xidmətləri, turuzm sahəsində yerləşdirmə və s. bütün bunlar insanların iştirakı, sahibkarlıq fəaliyyəti subyektlərinin təşəbbüsü ilə olmalıdır. Bunların da əhəmiyyətli qismi düşünürəm ki, məhz Qarabağda məcburi köçkün düşmüş insanların hesabına baş verəcək. Onların həmin ərazilərlə bağlı arzuları, ümidləri, illərlə planlaşdırdığı ideyaları var. Bu, qarşılıqlı şəkildə, kombinə olunmuş formada uzun müddətli dövrdə baş verəcək bir prosesdir.
Təbii ki, artıq təsərrüfat vərdişləri müəyyən qədər itirilib. Məcburi köçkünlərin böyük əksəriyyəti son 30 ildə şəhərlərdə yaşayıblar və bu, vərdişlərin itməsinə gətirib çıxardıb. Düşünürəm ki, kənd təsərrüfatı ilə bağlı orada daha çox peşəkar mühit ortaya qoyulacaq. Torpaq bölgüsü də məhz bunu nəzərə almaqla aparılmalıdır. Hardasa torpaqlar koorporativ təsərrüfatların formalaşması üçün şərait yaradan formada bölüşdürülməlidir. Daha çox peşəkar təşəbbüslər ola bilər. Fermer təsərrüfatları və s. Fərdi təsərrüfatlar da təbii ki, insanların dolanışığının əhəmiyyətli hissəsi kimi qalacaq. İnsanların bir qismi artıq öz əvvəlki ata-baba fəaliyyətlərinə qayıda bilərlər. Bir qismi də əldə etdiyi yeni bacarıqları, ideyaları, hansı ki, son 30 ildə onlar başqa yerlərdə fəaliyyət göstərib, müəyyən bir uğur əldə ediblər, həmin təcrübələri tətbiq edəcəkər”.