Rusiya Şuşa bəyannaməsinin əvəzini çıxdı? – Müəmma ilə bağlı STATUS

“Ciddi jurnalistlərdən biri yazıb ki, Xəzərdə palçıq vulkanı olmur. Olur, əzizlər.

Palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanı yer səthində və ya dəniz dibində toplanmış sopka materialından təşkil olunur”.

Zafer Tv  xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində tanınmış yazıçı-jurnalist Azər Qismət yazıb. O, daha sonra bildirib:

“Ciddi jurnalistlərdən digəri yazıb ki, sualtı gəmi vurulub. Sualtı gəminin suyun altında partlaması su səthinin üzərində on metrlərlə radiusa yayılır və saatlarla davam edə bilər.

Digər ciddi jurnalist yazıb ki, partlayış Xəzərin Azərbaycan sektorunun Türkmənistana yaxın olan hissəsində baş verib. Belə olan təqdirdə o jurnalist  Salyan camaatının Türkmənistan tərəfi necə görməsindən də yazsın. Belə anlamaq olar ki, Salyan camaatının balıq yağını çox içməsi gözlərin itiliyini yüz kilometrlərə aparıb çıxarır.

Başqa ciddi jurnalist yazıb ki, qazın qiymətinin qaldırılmasına görə Allahın qəzəbi tutub.

Daha başqa ciddi jurnalist deyir ki, Rusiya Şuşa bəyannaməsinin əvəzini çıxdı. Rusiya əvəz çıxanda Neft Akademiyasındakı faciə qədər ölüm-itim olur. Həm də bu günlərdə Rusiyanın təşəbbüsü ilə 92 000 minanın xəritəsinin Ermənistandan alınıb Azərbaycana verilməsi də bu versiyanı “odboy”a salır.

Başqa jurnalist yazır ki, hadisə yerindən dronla çəkiliş aparılmalı idi. Kim çəksin? Bazası və siyasi bilgisi olmayan jurnalist də canlı yayımla desin ki, Rusiya, ya İran Azərbaycanı vurdu? 2 dəqiqənin içində dövlətlərarası qalmaqal yaransın? Yaxud dronla strateji yerlərin videosu xarici kəşfiyyatın əlinə keçsin? Kimsə yazar ki, o obyektlər kosmosdan da görünə bilər. Xeyr, kosmosdan da nələrisə gizlətmək olur. Rusiya Kursk sualtı gəmisinin partladılması səbəbini yalnız 20 ildən sonra açdı. ABŞ iki qoşa binada nə qədər adamın ölməsini neçə ildən sonra açıb danışdı. Axı hər məsələ barədə danışmaq və yazmaq olmaz. Bu, binanın yanması, avtomobil qəzası hadisəsi olsaydı, dronla canlı yayım da açmaq olardı, hadisə yerindən canlı reportaj hazırlamaq da. Lakin strateji yerlərdən hər versiyanı səsləndirmək olmaz.

Axşamkı partlayışa gəlincə, rəsmi xəbəri gözləyək.