Dövlət siyasətinin mərkəzində vətəndaşın rifahı məsələsi dayanır

Böhranlı vəziyyətlərdə hər bir ölkədə vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi dövlətin, hakimiyyətin sosial-siyasi kursunun əsas istiqaməti olmalıdır. Çünki son iki ildə pandemiya nəticəsində dünyada yaşanan iqtisadi krizis, o cümlədən enerji bazarındakı təlatümlər bütün ölkələrdə qiymət artımına olduqca kəskin mənfi təsir göstərir. Azərbaycan da bu prosesdən sığortalanmayıb. Lakin ümid edirik ki, dünyada və ölkəmizdə baş verən qiymət artımları və tarif dəyişikliklərinin fonunda Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edəcək.

Sərəncama əsasən əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanaraq dövlət başçısına təqdim ediləcəkdir. Bu istiqamətdə müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb. Onu da qeyd etməliyik ki, dövlətimizin başçısının yeni Sərəncamı 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Nəzərə alsaq ki, Prezidentin sərəncamı ölkədə təbii qaz və elektrik enerjisi üzrə tariflərin dəyişdirilməsi və artırılması ilə üst-üstə düşdü, deməli, bu sərəncam tarif dəyişikliklərinin doğura biləcəyi neqativ halları önləməyə qadirdir. Başqa sözlə desək, sözügedən sərəncam tarif dəyişikliklərinin əhalinin aztəminatlı hissəsinin güzəranına göstərə biləcəyi mənfi təsirlərin qarşısını aldı. Şərhimin əvvəlində də qeyd etdiyim kimi dünya bazarında enerji daşıyıcılarının qiymətlərində qeydə alınan artım prosesinin Azərbaycan iqtisadiyyatına da neqativ təsir göstərməsi və qiymət artımlarına təkan verməsi qaçılmaz hal idi. Lakin buna paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar və konkret olaraq Prezidentin 16 oktyabrda imzaladığı sözügedən Sərəncam tariflərdəki artımları kompensasiya etmək baxımından əhəmiyyətli addımdır.

Bu onu göstərir ki, dövlət siyasətinin mərkəzində vətəndaşın rifahı məsələsi dayanır və dövlət başçımız üçün də insan amili hər zaman ön planda gəlib. Biz Prezidentin indiyə qədər qəbul etdiyi hər bir qərarda bunun əyani şahidi olmuşuq. Bu sərəncam dövlətimizin sosial dövlət yönümünü qoruyub saxlamağa imkan verəcək. Sərəncama əsasən növbəti il əməkhaqlarının, pensiya və sosial yardımların artırılması üçün nəzərdə tutulan iqtisadi siyasət büdcədə olan yığımlar hesabına ödəniləcək. Büdcə yığımlarından nəzərdə tutulan bu ödəmələr son nəticədə əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaşların alıcılıq qabiliyyətinin artırılmasına, bazar qiymətlərinin nominal qiymətlərlə uyğunlaşdırılmasına şərait yaradacaq. Bu mənada Prezidentin son Sərəncamı əhalinin maddi rifah halının yaxşılaşdırılması ilə bərabər, həm də uzunmüddətli və sabit social-iqtisadi inkişafa hesablanıb.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri