Şuşa milli həmrəyliyimizin simvoluna çevriləcək

Şuşa milli həmrəyliyimizin simvoluna çevriləcək

Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini və Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini rəsmi şəkildə bəyan etməsini Milli Həmrəylik Partiyası olaraq təqdir edirik. Nizami ilinin ardınca Şuşa ilinin elan edilməsində məntiqi qanunauyğunluq var. Böyük Nizami Gəncəvi elmin, irfanın, qələmin (ədəbiyyatın) simvolu idisə, Şuşa isə Qələbəmizin, savaş və azadlıq ruhumuzun (qılıncın) rəmzidir. Bu millətin qələmi də, qılıncı da həmişə bir arada, birlikdə olmalıdır. Dostlarımızın qarşısına mədəniyyətimiz və zəkamızla çıxmalıyıq, düşmənlərimizi isə qılıncımızla qarşılamalıyıq!

Bu mənada cənab Prezidentin bu təşəbbüsü, bu qərarı tam da yerinə düşür və bu qərarın məntiqi nəticəsi olaraq Şuşa 2022-ci ildə bütün il boyu gerçəkdən də mədəniyyət paytaxtı ab-havası ilə yaşayacaq, uşaqdan tutmuş böyüklərimizə, ağsaqqallarımıza qədər – az qala bütün azərbaycanlılar bu il Şuşanı ziyarət edəcəklər. Şuşa həm ruhən, həm də cismən Mədəniyyət Paytaxtı kimi şərəfli missiyanı layiqincə daşıyacaq. 2022-ci ildə hamımız Şuşalı olacayıq. Bütün dünya azərbaycanlıları “Şuşa ili”ni möhtəşəm şəkildə qeyd edəcək, bu işə hərə öz töhfəsini verəcək.

Bir sözlə, Şuşa və “Şuşa ili” bir daha hamımızı bir araya gətirəcək, bütün azərbaycanlıları həmrəylik ruhuna kökləyəcək. Şuşa milli həmrəyliyimizin simvoluna çevriləcək. Bu baxımdan, İlham Əliyevin məlum qərarı həqiqətən də uzaqgörən addımdır. 44 günlük müharibənin yaratdığı yeni reallıqlar Qarabağımız və Şuşamızın yeni tarixinin qızıl səhifələrini yazmağımız üçün əla imkan yaradıb.

Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının sədri