Üçüncü sinif şagirdi “dərsdən yayınma” adı ilə niyə məktəbdən çıxarıldı? – Bozlu tam orta məktəbində direktor özbaşınalığı – EKSPERTDƏN AÇIQLAMA

3-cü sinif şagirdi Cəfərli Məryam valideynlərinə xəbərdarlıq etmədən Nərimanov rayonunda yerləşən Laçın rayonu Müseyid Müseyidov adına Bozlu tam orta məktəbindən qeyri-qanuni olaraq uzaqlaşdırılıb.

Bu barədə Ednews-a şikayətində şagirdin anası Zülfiyyə və atası Emil Cəfərovlar bildiriblər. Valideynlərin sözlərinə görə, 22.09.2011-ci il təvəllüdlü qızları 2018-ci ildə səhhətində yaranan astma xəstəliyi səbəbindən məktəbə gedə bilmir. Həmin vaxt o, Nərimanovda yerləşən Bozlu tam orta məktəbində qeydiyyatda olub. Onlar bildirirlər ki, Məryəm 2018- 2020-ci il-məktəb Nərimanovdan Pirallahıya köçürülənə qədər oranın şagirdi olub. Məktəb köçürüldükdə isə Cəfərli Məryəmin valideyni ilə əlaqə saxlaya bilməyən məktəbin direktoru Nuridə Əhmədova şagirdi “dərsdən yayınma” adıyla məktəbdən kənarlaşdırıb. Valideynlər isə direktorun sözlərini təkzib edərək, bildiriblər ki, bu barədə nə onlarla əlaqə qurulub, nə də buna cəhd göstərilib. N.Əhmədova isə bütün səslənən iddiaları təkzib edib.

“2019-cu ilin oktyabrın 15-də mən Laçın rayonu Müseyid Müseyidov adına Bozlu tam orta məktəbinə direktor təyin olundum. Həmin vaxt isə məktəb Pirallahıya köçürüldü. Təyinatımdan sonra Məryəm Cəfərli Nərimanov filialında təhsil alırdı. 2020-ci il mart ayında pandemiyayla əlaqədar dərslər dayandırıldı və sonrakı yarımilliyin qiymətləri də əvvəlkilərə görə yazıldı. Yəni həmin ərəfədə məktəblər bağlı idi. İkinci il tədris ili başlayanda isə biz Məryəmin valideyni ilə əlaqə yaratmaq istəsək də , bütün cəhdlərimiz boşa çıxdı. Ötən il də bu uşaq haqqında heç bir məlumat ala bilmədik. Telefonla əlaqə saxlamağa çalışdıq, hətta mən yazılı məktub da hazırladım ki, yaxınları valideyninə çatdırsın, amma bu da heç bir nəticə vermədi. Mən hətta o ailənin xarici ölkəyə köçməsi barədə də düşündüm. Sonra isə Pedoqoji Şuranın qərarı ilə dərsdən yayınma səbəbilə Məryam Cəfərli məktəbdən kənarlaşdırıldı”.

Məsələ ilə bağlı Ednews-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda təhsil məcburidir və direktorun bu hərəkətini qanunsuz adlandırıb.

“Hər bir təhsil müəsisəsi rəhbərinin borcudur ki, şəxsin təhsil almaq hüququnu təmin etsin. Bu direktorun birmənalı olaraq borcudur. Lakin burada direktorun bu cür neqativ halın baş verməsinə imkan yaratması böyük bir biabırçılıqdır. Şagird heç bir halda təhsildən yayındırıla bilməz. Bu qanun pozuntusudur. Valideynlərinin xəbərinin olub- olmaması faktor deyil, bütün hallarda məktəb öz öhdəliklərini yerinə yetirməlidir. Heç bir halda şagird məktəbdən kənarlaşdırıla bilməz. Hesab edirəm ki, burada ciddi direktor səhlənkarlığı var. Bunların da aradan qaldırlacağına inanıram”.

Ekspert bildirib ki, belə vəziyyətdə hətta direktor məsuliyyətə cəlb olunaraq işdən uzaqlaşdırıla bilər.

Burada əsas məsələ həmin şagirdin təhsili və psixoloji durumudur. Bir il sinifdə qalan Cəfərli Məryəm hazırda Qaradağ rayonu 166 nömrəli məktəbin üçüncü sinif şagirdidir. Əslində isə Məryəm dördüncü sinifdə təhsil almalı idi. Məlumdur ki, belə hallarda yaşıdları ilə oxumadığına görə uşaqda psixoloji sarsıntılar yaranır. Bu halda yeganə çarənin imtahan verib yuxarı sinfə keçməkdə görən Kamran Əsədov bildirib ki, ümumumiyyətlə, bu şagird ibtidai sinifdə oxuduğu üçün sinifdə qala bilməz.

“Şagird ibtidai sinifdə oxuduğu zaman sinifdə qalma halları baş verə bilməz! İstər məktəbdən çıxsın, istərsə də yox. Bu ciddi pozuntudur. Valideyn narazılığı haqlı səbəblərdəndir. Şagirdlərdə belə olan halda sarsıntılar yaranır. Bu zaman isə şagirdin yeganə yolu,istedadlı uşaq kimi imtahan verib yuxarı sinfə keçə bilməsidir”.

Təhsil Nazirliyi isə…

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ednews-a açıqlaması zamanı bildirib ki, şikayət üzrə Laçın Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılma aparılıb.

“Araşdırma zamanı M.Cəfərlinin 2020-2021-ci tədris ilində təhsildən yayındığı və məktəbin Pedaqoji Şurasının 15 sentyabr 2020-ci il tarixli, 9 nömrəli Qərarı ilə şagird kontingentindən çıxarıldığı məlum olub. Pandemiya səbəbindən tədrisin distant formada davam etməsinə baxmayaraq Məryəm Cəfərlinin dərslərə qoşulmadığı, bununla əlaqədar valideynlə əlaqə saxlanılmasının mümkün olmadığı bildirilib. Buna baxmayaraq, şagirdin I yarımildə dərslərdə iştirakı nəzərə alınaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları”na uyğun olaraq I yarımilin qiymətlərinə əsasən M.Cəfərli III sinfə keçirilib. Lakin araşdırma zamanı M.Cəfərlinin 2020-2021-ci tədris ilində təhsildən yayındığı və məktəbin Pedaqoji Şurasının 15 sentyabr 2020-ci il tarixli, 9 nömrəli Qərarı ilə şagird kontingentindən çıxarıldığı məlum olub.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi”nin 4.17-ci bəndinə əsasən, ibtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir. Bu səbəbdən də şagird Məryəm Cəfərlinin təhsilini IV sinifdə davam etdirməsi mümkün deyil”.
Qeyd edirik ki, hazırda Məryəm Cəfərli təhsilini Bakı şəhəri 166 nömrəli tam orta məktəbin III sinfində davam etdirir.

Sonda Cəfərli Məryamın valideynləri bildiriblər ki, yaranan vəziyyətdən sonra qızlarında psixoloji pozğunluq yarandığı üçün övladlarında olan astma xəstəliyi daha da kəskinləşib. Hazırda Zülfiyyə və Emil Cəfərovlar yaranan bu vəziyyətdə yalnız məktəb direktorunu günahkar bilirlər. Elə bu səbəbdən də onlar məsələnin hüquqi müstəvidə həllini tapması üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.