Rusiyanın hücumunu bilirdik, xalqdan gizlətdik

Biz xaosun qarşısını almaq üçün Rusiyanın Ukrayanaya genişmiqyaslı işğalı barədə əhaliyə məlumat vermədik.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç bildirib ki, Ukrayna Rusiyanın dekabrın əvvəlində işğala hazırlaşdığına dair etibarlı sübutlar əldə etmişdi:

“Amma heç kim konkret tarixi bilmirdi. Ukrayna müdafiəyə hazırlaşmağa başladı. Təlimlər keçirildi, yerli hakimiyyət orqanları ilə iş aparıldı. Hakimiyyət ukraynalılara müharibənin qaçılmaz olduğunu deməmək qərarına gəldi. Çünki bu xəbər vətəndaşların ölkədən kütləvi şəkildə getməsinə səbəb olacaqdı”.

O qeyd edib ki, kütləvi insan axını yolların avtomobillərlə bağlanmasına və Ukrayna ordusunun müdafiə xəttinə çatmasına mane olacaqdı:

“Bu, rus ordusunun planlarına kömək edərdi. Təbii ki, bu, Rusiya hərbi rəhbərliyi üçün çox arzuolunan vəziyyət olardı. Belə olan halda, yəqin ki, biz bu müharibəni və sol sahildəki hər şeyi dərhal uduzardıq. Biz heç bir şəkildə bu vəziyyətin öhdəsindən gələ bilməzdik və yeganə çıxış yolu öz vətəndaşlarımızı tanklarla əzmək, körpülərdən keçmək üçün onları güllələmək olardı. İndi isə sual yaranır ki, hansı qərar verilməli idi? Ya sus, ya da iflic olmuş ölkəni tərk et və sol sahili təslim et! Hakimiyyət çətin seçim qarşısında qaldı, çünki pis və çox pis ssenarilər arasında seçim etməli olub. Yaxşı seçimlər yox idi. Ölkə rəhbərliyinin nəzərdən keçirdiyi bütün ssenarilərə görə, ukraynalılara Rusiyanın işğalı ilə bağlı həqiqət dərhal çatdırılsaydı, dövlətimiz müharibədə dirəniş göstərə bilməzdi”.