DSX İranla sərhəddə 27 kq narkotik müsadirə etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.

Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərin­də 2 ədəd bağlama olan 2 nəfər naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilmiş, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram “tiryək”, 3921 qram “heroin”, 17790 qram “qurudulmuş marixuana”, 2987 qram “metamfetamin”) və 20 ədəd psixotrop tərkibli “metadon-40” həbləri aşkar olunaraq götürülmüşdür.

May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlamışdır.

Xidməti ərazi dərhal qapa­dılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə “metamfetamin” və 500 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar edilmişdir.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.