Radikalizmə qarşı mübarizədə gənclərin rolu artır

Dini radikalizm və ekstremizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər.

Mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Dini radikalizmlə mübarizədə dini maarifləndirmənin rolunu, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmasının vacibliyini və radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusidir.

Azərbaycan qədim milli-mənəvi dəyərlərə malikdir, gənclərimizin də bu ruhda tərbiyə olunması vacibdir və ölkəmizdə dövlət səviyyəsində dini radikalizm və ekstremizmə qarşı mübarizə aparılır və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin böyük rolu var.

Hazırkı dövrdə dini radikalizm və bu yönümdə fəaliyyət göstərən dini təriqətlər dünyanı narahat edən ən qlobal sosial bəlaya çevrilib. Çox əfsuslar olsun ki, bəzi gənclər də bu cərəyanın qurbanına çevriliblər. İslam dininə ləkə gətirən dini radikalizm “cihad” pərdəsi altında şəxsi və qrup mənafelərinin maraqlarına xidmət etməklə insanların, xüsusilə də gənclərin dini baxışlarını tamamilə dəyişib, dini fanatizm ideologiyası və dini ekstremizm fəaliyyəti önə çıxıb. Bu da öz növbəsində çox təhlükəli və qarşısıalınmaz nəticələrə səbəb olub. Dövlətin və QHT-lərin həyata keçirdikləıri maarifləndirici tədbirlərin əsas məqsədi gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması istiqamətində görüləcək işlərin müəyyənləşdirilməsindən, bu sahədə birgə fəaliyyət göstərməyin zəruriliyinə və gənclərlə aparılan maarifləndirici tədbirlərin intensivliyinin artırılmasına diqqətin yönəldilməsindən ibarətdir.

Sirr deyil ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rol oynayır. Müstəqilliyimizin bərpasından sonra həyata keçirilən uzaqgörən siyasətin dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına böyük zəmin yaradıb. Gənclərimiz radikal qrupların zərərli təsirindən qorunmaq üçün elm və təhsilə maraq göstərməli, asudə vaxtlarını səmərəli keçirməlidirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov bu mövzu ilə bağlı çıxışlarının birində deyib ki, ölkəmizdə dini radikalizmlə mübarizəyə gəlincə, burada hansısa dövlət proqramına ehtiyac duyulmur, çünki bu sahədə yetərincə işlər görülür. Radikalizmlə mübarizə çox vacibdir və burada əsas üç istiqamət müəyyənləşdirilib. Müşahidələr göstərir ki, istənilən ölkədə dini radikalizmin kəmiyyət baxımından böyüməsi ölkədə milli və ictimai təhlükəsizlik risklərini artırır. Həmçinin, xarici qrupların radikallardan istifadə imkanlarının olması, ölkədəki fərqli məzhəb və dindarlar arasında qarşıdurma yaratmaq potensialları və silahlı mübarizəyə üstünlük vermələri ictimai təhlükəsizliyə ciddi təhdiddir. Bu baxımdan müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizədə əsas məsələlərdən sayılır.

Azərbaycan bu sahədə kifayət qədər geniş qanunvericilik bazasına malikdir. Xüsusilə, 2015-ci ilin dekabr ayında “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi problemlə mübarizədə çevik və koordinativ fəaliyyət üçün geniş imkanlar açıb. Qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, eləcə də “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı daha təkmil mexanizm formalaşdırıb, dövlətin bu sahədə konkret mübarizə taktikasını səciyyələndirib.
Radikalların iqtisadi dayaqlarının çökdürülməsi istiqamətində mübarizə də çox əhəmiyyətlidir. Dini radikal təmayüllərin cəmiyyətdə özünə yer tapması ideoloji faktorlarla yanaşı, maddi amillərlə də bilavasitə bağlıdır. Bu mənada qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır. Radikal cərəyanların fəaliyyətlərinin maliyyələşdirilməsi bir tərəfdən xaricdən müxtəlif variantlarda yardım almaqla, digər tərəfdən tərəfdarlarının sahibkarlıqla məşğul olmalarına şərait yaratmaq və əldə olunmuş gəlirin bir hissəsinin öz təbliğatlarına yönəldilməsi ilə həyata keçirilir. Belə maliyyə mənbələrinin müəyyənləşdirilərək neytrallaşdırılması məqsədilə müvafiq orqanlar lazımi tədbirləri həyata keçirir.

Dini radikalizmlə mübarizədə ən önəmli və ən effektiv vasitə isə ideoloji mübarizədir. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, KİV, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir. İndiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, bəşər tarixinə nəzər saldıqda, dinin insanlar arasında birləşdirici funksiya daşımaqla bərabər, bəzi hallarda dini-etnik zəmində münaqişələrə səbəb olmasına da təsadüf edilir. Bu cür münaqişələr minlərlə insanın öz həyatını itirməsinə və din məhfumu ilə bağlı insanlarda neqativ düşüncənin formalaşmasına səbəb olur. Sədr müavini deyib ki, dünyada baş verən dini-etnik münaqişələrin əsas kökündə dini ekstremizm fenomeni dayanır.

Gündüz İsmayılov onu da vurğulayıb ki, müstəqilliyimizin ilk illərində bəzi qeyri-ənənəvi cərəyanların ölkəyə axını müşahidə edilmişdir. Bu təriqətlərin bir qismi ekstremist xarakterli dini konsepsiya ilə çıxış etmişdir. “Lakin insanların öz adət-ənənələri və ənənəvi dini etiqadlarına bağlı olması və dövlətin bu sferaya nəzarəti gücləndirərək preventiv və profilaktik tədbirlər həyata keçirməsi ektremist qrupların ölkədaxili fəaliyyətini məhdudlaşdırdı”,- deyə DQİDK sədrinin müavini əlavə edib.
O sonra qeyd edib ki, gənclər dini radikalizm və ekstremizmin təsirinə düşməmək üçün təhsilə, elmə böyük önəm verməli, din haqqında bilgiləri düzgün mənbədən almalıdırlar.

[b]Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb[/b]