“Şuşada top səsləri əvəzinə musiqi sədaları eşidilir”

“Şuşada top səsləri əvəzinə musiqi sədalarıeşidilir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, 30 il gözləri yollarda qalan, inləyə – inləyə yurddaşlarını gözləyən Xarıbülbülün üzü gülür:

“O, nəinki Azərbaycan vətəndaşlarını, dünyanın bir çox ölkələrindən olan, işğaldan azad olunmuş torpaqlarımızdan keçib Şuşamıza qonaq gələn xarici qonaqları məhəbbətlə salamlayır. Artıq Xarıbülbülü bütün dünya tanıyır, onun adı, şöhrəti qitələri dolaşır, bir sülh, əminamanlıq simvolu kimi insanlara gülüş, sevinc bəxş edir, azadlıq səadət arzulayır. İnsanları kimi Xarıbülbül də bu gün öz torpağının sahibidir, yurdunun qoynunda yaşamaq, könülləri oxşamaq haqqını qazanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi: “Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq” ifadələri Xarıbülbülü də qürurlandırır, sevindirir. İndi Xarıbülbül qucağını insanlara qürurla açır. Torpaqlarımız işğaldan azad olunandan sonra o dünyanın əziz gülü kimi sinələrdə gəzir, dillərdə mahnıya, şerə çevrilir və özünün ən xoşbəxt günlərini yaşayır”.

Komitə sədrinin sözlərinə görə, Şuşada keçirilən 5 – ci Xarıbülbül Beynəlxalq Folklor Festivalı bu xoş günlərin, mənalı həyatın ifadəsidir:

“Bu Xarıbülbülün uzun illər arzuladığı azadlığı, xalqımızın ürəyindən olan bir tədbirdir, musiqi bayramıdır.Festivalda bir neçə ölkənin Folklor kollektivlərinin, görkəmli musiqiçilərin, sənət adamlarının, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı bu tədbiri daha da dəyərləndirir, mənalandırır və əlamətdar edir. Festivalın Şuşada keçirilməsi bir daha dünyaya bəyan edir ki, Azərbaycan torpaqları azaddır, xalqımız öz mədəniyyətini, tarixini yaşatmağı, ucaltmağı və sevdirməyi bacarır. Bu həm də dünyaya çatdırır ki, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşamızda top, tüfəng yox, musiqi, mahnı səsləndirilməlidir, insanlar bir – birini sənət dili ilə salamlamalı, şerlə, sözlə, avazla oxşamalıdırlar. İki il bundan əvvəl erməni təcavüzkarlarının viran qoyduqları, xarabazara, ah nalə yuvasına çevirdikləri Şuşadan bu gün azan səsi, musiqi təranələri eşidilir. Bu səslər şəhidlərimizin ruhunu sevindirir, qazilərimizə qüvvət verir və vətəndaşlarımızı yeni, daha mənalı günlər, gələcək uğrunda mübarizələrə səfərbər edir”.